loading...

Bacarıqlı insan yetişdirməyin 11 yolu

Share Button

Uşağın işlərinin, dərslərinin öhdəsindən asanlıqla gəlməsi üçün neyləmək olar? 25 yaşına çatanda əlində işi, yanında dostları, qəlbində inamı olan xoşbəxt gənci yetişdirmək üçün neyləmək lazımdır?

Uğur qazanmaq qabiliyyəti olan insanı—bacarıqlı uşaq böyütmək üçün xüsusi resept yoxdur. Ancaq psixoloqların araşdırmaları nəticəsində uşağı uğura doğru aparan bir neçə yol müəyyən olunub. Bu yolları salan, əlbəttə, valideyndir. Bəs valideyn bunu necə eləyə bilər?

1. Uşaqlara ev işləri gördürüntemizleyen-oglan

“Yetkin insanı yetişdirməyin yolları” kitabının müəllifi Culi Liskot-Heyms deyir: “Uşaq öz boşqabını yumursa, deməli, bu boşqabı onun əvəzinə başqası yumalıdır. Və biz uşağın boşqabını yumaqla təkcə onun işini görmürük, eyni zamanda onun həqiqəti öyrənmək fürsətini əlindən alırıq.  Həqiqət budur ki, iş görülməlidir və işin başa çatmasında hər birimizin payı olmalıdır. Biz uşağı bu fikirlə böyümək imkanından məhrum edirik”.

Liskot-Heyms hesab edir ki, ev işlərini görən uşaqlar böyüyəndə çox yaxşı işçi və iş yoldaşı olurlar, çünki mübarizənin nə olduğunu bilir, işin öhdəsindən təkbaşına gəlməyi bacarırlar. “Uşaqlara ev işi gördürməklə–zibili atdırmaqla, çirkli paltarlarını özlərinə yığdırıb paltaryuyan maşına qoydurmaqla siz onları həyata hazırlayırsınız. Uşaq gündəlik həyatında ortaya çıxan işləri görməklə bu həyatın bir parçasına çevrilir və özü də bunu dərk edir.”

2. Uşaqların sosiallaşmasını təmin edin

Pensilvaniya Dövlət Universiteti və Dyuk Universitetinin tədqiqatçıları Birləşmiş Ştatlarda 700-dən çox uşağı bağça vaxtından 25 yaşına qədər müşahidə ediblər. Mütəxəssislər uşağın sosial vərdişləri ilə 20 il sonrakı həyatı, daha doğrusu böyüyəndə əldə etdiyi nailiyyətləri arasında ciddi bağlılıq olduğunu aşkar ediblər.oynayan ushaqlar20 illik araşdırma göstərib ki, sosiallaşmış uşaqlar, yəni yaşdaşlarıyla valideynlərinin köməyi olmadan sərbəst ünsiyyət yaradan, əməkdaşlıq eləməyi bacaran uşaqlar böyüyəndə başqalarına yardım edən, ətrafındakıları başa düşən, öz problemini özü həll edən yetkin adama çevrilir. 25 yaşa çatanda belələrinin artıq daimi iş yeri də olur.

Sosiallaşa bilməyən uşaqların böyüyəndə içkiyə qurşanması, həbs olunması ehtimalı daha çoxdur. “Uşaq böyüyən kimi ali məktəbə də gedə bilər, həbsxanaya da. İşə, yaradıcılığa da aludə ola bilər, içkiyə, narkotikə də. Onun seçiminə körpəliyində, sosiallaşmasına şərait yaradaraq təsir edə bilərik…Bu araşdırma göstərir ki, uşaqların sosial və emosional baxımdan inkişafına yardım etmək onların gələcəyi üçün çox vacibdir.”

Bu sözləri araşdırmanı maliyyələşdirən təşkilatın (Robert Wood Johnson Foundation) proqram direktoru Kristin Şubert deyib.

 3. Uşaqlara böyük ümidlər bəsləməklə…

ders-oxudan-ana

Los Ancelesdəki Kaliforniya Universitetindən professor Nil Halfon və onun həmkarları 2001-ci ildə doğulmuş 6600 uşaqla bağlı məlumatları gözdən keçiriblər. Mütəxəssislər aşkar ediblər ki, valideynlərin gözləntiləri uşaqlara çox güclü təsir edir. Kollecə qəbul olmaq istəyərkən yaxşı nəticə göstərən uşaqların 96%-nin valideyni uşaqlarından həmişə yaxşı nəticə gözlədiyini deyib. Nəticələri pis olan uşaqların cəmi 57%-nin valideyni onlardan yaxşı nəticə gözlədiyini bildirib. “Uşaqlarını ali məktəbdə görmək istəyən valideynlər imkan və gəlirlərindən asılı olmayaraq, öz uşaqlarını bu istiqamətə, bu məqsəd arxasınca yönəldirlər.” Bunu, professor Halfon araşdırmaları haqda danışarkən deyib.

Belə çıxır ki, uşaqlar valideynlərinin gözləntilərinə doğru gedirlər. Psixologiyada buna Piqmalion effekti deyilir (qısa şəkildə ifadə etsək, “biz nəyi gözləyiriksə onu əldə edirik”, yaxud “başqalarından və özümüzdən gözlədiklərimiz reallığa çevrilir”).

4. Valideynlərin münasibətləri sağlamdırsa…

valideynlerle ushaq

Valideynlərin boşanıb-boşanmamasından asılı olmayaraq, konfliktli ailələrin uşaqları digərləriylə müqayisədə zəif olurlar. İllinoys Universitetinin tədqiqatçıarı bu nəticəyə gəliblər ki, tək valideyni olan, konfliktsiz ailədə böyüyən uşaqlar, hər iki valideyni olan, amma konfliktli ailələrdə böyüyən uşaqlardan bacarıqlı olurlar. Boşanmadan əvvəlki və sonrakı münaqişələr uşaqlara çox pis təsir edir. Boşanmadan sonra valideynlər arasında konflikt olmursa, ata uşaqlarıyla əlaqə saxlayırsa, uşaqlar özlərini yaxşı hiss edirlər. Amma konflikt varsa, atayla sıx görüşlər də uşağa neqativ təsir göstərir. Valideynlərinin boşanma dövründə gərginlik keçirmiş uşaqlar bu gərginliyi 20 yaşdan sonra da hiss edirlər. Ata-ananın arasındakı münaqişə gənclərdə itki və peşmanlıq hissinin güclənməsinə səbəb olur.

5. Valideynlər ali təhsillidirlərsə…

xoshbext telebe

Ali təhsilli valideynlər uşaqlarını təhsilə daha çox meylləndirirlər. Miçiqan Universitetinin mütəxəssisləri 1998-2007-ci illərdə bağçaya gedən 14 min uşaq haqda məlumatları öyrənərək aşkar ediblər ki, gənc (yaşı 18, yaxud daha aşağı olan) anaların uşaqları arasında ali məktəblərə müraciət edənlərin sayı azdır.

Bouling Qrin Dövlət Universitetindən psixoloq Erik Dubov 2009-cu ildə Nyu York ətrafında 856 adamı tədqiq edib. Psixoloqun gəldiyi nəticə belədir: “8 yaşlı uşağın 40 il sonrakı yerini–elmi nailiyyətlərini və tutacağı vəzifəni onun valideyninin təhsil səviyyəsi müəyyən edir.

6. Uşağa riyaziyyatı erkən yaşlarından öyrədək

rengli saat

Riyazi biliklərə erkən yaşlarından yiyələnməsi uşağın gələcəkdə çox böyük üstünlük qazanmasına səbəb olur. 2007-ci ildə Birləşmiş Ştatlar, Kanada və İngiltərədə məktəb yaşına çatmamış 35 min uşağın riyazi bilik səviyyəsi yoxlanıb. Tədqiqatçılar müəyyən ediblər ki, “rəqəmləri uşağa məktəbə qədər öyrətmək, uşağa rəqəmlərlə bağlı səthi məlumat vermək vacibdir. İlkin riyazi məlumat təhsilin əsasını quran pazl hissələri kimidir…Rəqəmləri tanıyan uşaq təkcə riyaziyyatı deyil, üzdən oxumağı da tez öyrənir. ”

7. Uşaqla münasibətləri inkişaf etdirmək zəruridir

ana-bala

Həyatının ilk 3 ilində xüsusi qayğı görən uşaqlar həm uşaqlıqda, həm də böyüyəndə elmə daha çox maraq göstərir, ətrafdakılarla sağlam münasibət qura bilirlər. Kasıb ailələrdə doğulmuş 240 adamı müşahidə edən mütəxəssislər belə nəticəyə gəliblər ki, uşağına qayğı ilə yanaşan, onun tələblərinə vaxtında və uyğun cavab verən, körpəsini anlayan, “təhlükəsiz zona” yarada bilən valideyn onda dünyanı öyrənmək həvəsi yaradır. Nəticədə uşaq həm balacalığında, həm də 30 yaşlarında böyük elmi nailiyyətlər əldə edə bilir. “Bu o deməkdir ki, valideyn-uşaq münasibətlərinin ilkin dövründə qoyduğunuz “sərmayə” uzunmüddətli nəticələrə səbəb olur.” Minnesota Universitetindən psixoloq Li Reybi belə deyir.

8. Valideyn gərgin olmazsa…ana-bala-kitab-oxuyanda

Son araşdırmalar göstərir ki, uşağın davranışlarına təsir edən valideynləriylə keçirdiyi vaxtın azlığı, yaxud çoxluğu deyil, valideynin əhvalıdır. Bouling Qrin Dövlət Universitetindən sosioloq Key Nomaquşi bildirib ki, ananın gərginliyi, xüsusilə işdən vaxt edə bilməyən, işdən qaçıb uşağına vaxt ayırmağa çalışan ananın əhvalı uşağa pis təsir edir. Psixologiyada buna “emosional yoluxma” deyirlər. Adamın yaxın dostu özünü yaxşı hiss edəndə onun daxilindəki enerji sizə də keçir, əksinə pis əhval ruhiyyədə olanda, siz də narahat olmağa, ən azı qaşqabaqlı gəzməyə başlayırsınız. Valideyninin dilxor olduğunu, əldən düşdüyünü görən uşaq da özünü yaxşı hiss edə bilməz.

9. Uğur nədir? Uğur qazanmaq nə deməkdir?

Uşağa bunu necə başa salırsınız?

Məktəbdən əla qiymətlə gələn uşağa nə deyirsiniz? “Ağıllım!”, yoxsa, “Çalışqan balam!”? Bu iki söz arasında çox böyük fərq var. Bu sözlər uşağın gələcəyinə güclü təsir edir.

xoshbext ana ogulStanford Universitetinin psixoloqu Karol Dvek uzun illər apardığı tədqiqatlardan sonra bu nəticəyə gəlib ki, uşaqlar, eləcə də böyüklər uğur və uğura aparan yol haqda fərqli düşüncə tərzinə malikdirlər. Dvek iki düşüncə tərzini müəyyən edib: “Sabit düşüncə tərzi“nə görə bizim xarakterimiz, ağlımız, yaradıcılıq qabiliyyətimiz bizim malik olduğumuz, amma dəyişə bilməyəcəyimiz cəhətlərimizdir və əldə etdiyimiz uğur bu cəhətlərimizin göstəricisidir, bizim üstünlüyümüzü təsdiq edir. Belə fikirləşən adam nəyin bahasına olur-olsun uduzmamaq, yalnız uğur qazanmaq uğrunda mübarizə aparır. Bu mübarizədə o, əslində ağıllı və bilikli olduğunu təsdiqləməyə çalışır. Yəni uğur qazanmaq üçün apardığımız mübarizə hisslərimizi təsdiqləməyin yoluna çevrilir.

İkinci, “inkişafa aparan düşüncə tərzi”dir.  Bu cür düşüncə tərzinə malik olanlar uğursuzluqların, çətinlikliklərin “üstü” ilə irəliləyirlər. Yəni onlara görə uğursuzluq ağılsızlığın əlaməti deyil, insanı yuxarıya–inkişafa aparan, inkişafa doğru “qızışdıran”, həmçinin insanı oz bacarıqlarını, biliyini artırmağa vadar edən pillədir. Bir sözlə, adam öz səhvləri üzərində öyrənərək inkişaf edir. Bu düşüncə tərzinə görə insanın bacarığına təsir edən—onu inkişaf etdirən onun iradəsi, arzu və istəkləridir.

Valideynin düşüncə tərzi uşaqlara çox böyük təsir göstərir. Yəni biz uşağa deyəndə ki, o, testi ağıllı və anadangəlmə istedada malik olduğuna görə yaxşı yazıb, uşaqda “sabit düşüncə tərzi” formalaşır. Ancaq uşağa cəhd göstərdiyinə, öz üzərində çalışdığına görə uğur qazandığını deyəndə, onda “inkişaf etdirən düşüncə tərzi” formalaşır. Sizcə hansı daha yaxşıdır?

10. Ana işləyirsə…

Ananın işləməsinin, yəni evdən kənarda işləməsinin uşağın gələcəyinə çox böyük təsiri var. Harvard Biznes Məktəbinin araşdırmaları göstərir ki, anaları işləyən qızlar daha çox oxuyur, təhsilə daha bir neçə il sərf edir və daha yaxşı iş  tapır, daha yaxşı qazanırlar. Daha dəqiq desək, evdar qadınların uşaqları ilə müqayisədə bu qızların gəliri təxminən 23% çox olur.

İşləyən qadınların oğulları da müstəqil böyüyür, çünki ev işlərini görməli,  bəzən özlərindən kiçiklərin qayğısına qalmalı olur.

11. Valideynin statusu, maddi durumu və cəmiyyətdəki yeri də uşağa təsir edir

xoshbext mektebliTəəssüf ki, kasıb ailələrdə doğulanların sayı, varlılardan çoxdur. Hətta Birləşmiş Ştatlarında hər 5 uşaqdan biri kasıb ailədə dünyaya gəlir. Kasıblıq uşağın potensialına mənfi təsir göstərir. Bahalı vasitələrin əldə edilməsi imkanının olmaması uşağın potensialını azaldır, təhsil almaq və uğur qazanmaq imkanını məhdudlaşdırır. Ən pisi odur ki, varlı ailələrlə kasıb ailələrin uşaqlarının arasındakı fərq getdikcə artmaqdadır. Stenford Universitetinin tədqiqatçılarından Şon Rirdon bildirir ki, 2001-ci ildə doğulmuş varlı və kasıb uşaqların əldə etdiyi nailiyyətlərin fərqi 25 il əvvəlki fərqlə müqayisədə 30-40% çoxdur.

Share Button

Bir cavab yazın