loading...

Balamı yanımda yatırsam…

Share Button

Uşaqla birgə yatmağın üstünlükləri çoxdur!

ana-bala yatandaAnanın, eləcə də atanın körpəsiylə bir yataqda yatmaq arzusu təbiidir.

Bəzi mütəxəssislər hesab edirlər ki, uşaq 4-5 ayına qədər anası ilə yatmalıdır. Ona belə həm daha rahat, həm də xeyirdir.

Doğrudur, uşaq ayrı qalmağa, ağlamağa, qışqırmağa da adət etməlidir. Amma yeni doğulan uşaq üçün hər şey onsuz da yenidir, yaddır, onu özümüzdən ayırmaqla vəziyyəti bir az da gərginləşdirərik. Təsəvvür edin, ananın bətnində, dar, isti yerdə qalmağa adət edən körpəni birdən-birə ayrı otaqda, geniş və onun üçün çox işıqlı olan yerdə yalnız buraxmaq necə olar? Psixoloqlar hesab edir ki, ana ilə yanaşı yatmaq uşağın əsəblərinin sağlamlığı deməkdir.

Pediatrların fikrincə uşağı yanında yatırmaqla ana onun tələblərinə vaxtında reaksiya verə, hətta qəfil ölümün qarşısını ala bilər. Məsələn, yarımçıq doğulan uşaqlar yatan zaman onlara nəzarət vacibdir, körpənin nəfəsi bir neçə saniyəliyə dayana bilər.

Amma bu, əlbəttə, ayıq yatan analara aiddir. Siz bərk yatırsınızsa, körpənizi yanınıza qoymağın nəinki xeyri yoxdur, hətta ziyanı var. Bilmədən onu əzə, boğa bilərsiniz. Birləşmiş Ştatlarda qəfil uşaq ölümünün səbəbini tapmaq üçün 20 il araşdırma aparılıb. Düzdür, qəfil ölümün səbəbi çox vaxt dəqiq bəlli olmayıb, amma məlum olub ki, yuxuda boğulan uşaqların 50%-dən çoxu valideynlə bir yerdə yatdığı üçün boğulub–yuxuya getmiş valideyn bilmədən körpəsini əzib.

Sizin çarpayıda yatan uşağın qəfil yıxılması da istisna deyil.

Bərk yatırsınızsa, uşağın çarpayısını öz çarpayınıza yaxınlaşdıra, hətta onun çarpayısına söykənib yata bilərsiniz. Belə etsəniz, həm uşağa istədiyiniz qədər yaxın olar, həm də təhlükənin qarşısını alarsınız.

Yanaşı yatmaq südü artırır.

agzi-sudlu-balaAna südünü “istehsal edən” hormonlar gecələr daha fəal olur. Ona görə də uşağa gecələr də süd verən qadınların südü daha bol olur, gecə süd verməyəndə hormonlar azalmağa, nəticədə ananın südü də azalmağa başlayır. Uşaq ana ilə yatanda ona toxunduğu üçün süd daha fəal ifraz olunur, “süd dövrü” uzanır. (Əlbəttə, bu, yeni doğulan uşağa aiddir. Uşaq böyüdükcə gecələr yeməyin minimuma salmalı, uşağın yuxu rejiminə əməl etməliyik)

Tək pediatrların deyil, psixoloqların da fikrincə “toxunuş” ana və bala üçün çox vacib amildir. Gündüzlər uşaqdan ayrılmağa məcbur olan anaların gecə uşaqla birgə yatmağa can atması təbii və zəruridir.

Kimsə deyir ki, uşağın valideynlə bir yerdə yatması gigiyenik cəhətdən doğru deyil. Ancaq bir fakt var ki, süd dövründə ana ilə uşağın mikroflorası eynidir.

Seçim edərkən özünüzün və uşağınızın xüsusiyyətlərini nəzərə alın. Özünüzün əsəblərinizin pozulduğunu, yatmaq istədiyiniz halda körpənizin gecələr də sizə ehtiyacı olduğunu hiss edirsinizsə, çarə tapmalısınız. Əsəblərinizi pozan amilləri özünüzdən uzaqlaşdırın, lazımdırsa, işdən uzaqlaşın. Unutmayın ki, çağanın gecələr də süd istəməsi və ya sadəcə sizi istəməsi təbiidir. 

Bəzi uşaqlar ayrı yatanda heç də əziyyət çəkmirlər. Siz bir ana kimi bunu hiss edə və uşağı özünüzdən ayırdığınız üçün narahat olmaya bilərsiniz.

Əlbəttə, böyüdükcə uşaq ayrı yatmağa öyrəşməlidir. Belə hər biriniz üçün rahat olar, həm də ayrı yatmaq, ananın köməyi olmadan yemək yemək, paltar geyinmək kimi bir şeydir. Uşaqların sərbəstliyi özünə inam hissinin formalaşması üçün vacibdir.

Share Button

Bir cavab yazın