loading...

Cəza nə üçündür? Uşaqlarımızı niyə cəzalandırırıq?

Share Button

“Cəza işləmir, yalnız yayındırır. Uşaq hərəkətinə görə təəssüflənməkdənsə…ya qisas haqda düşünür, ya da özünü günahkar və gərəksiz hesab edir.”

Adel Faber, Eleyn Mazliş

“Necə danışmalı ki, uşaqlar eşitsinlər, necə dinləməli ki, uşaqlar danışsınlar” kitabından

Suallarımızı cavablandırdığına görə psixoloq/konsultant Elnara xanım Qənizadəyə təşəkkürümüzü bildiririk.

CƏZA!

elnara qenizadeBurdan başlamaq istərdim: “CƏZA” sözünü eşidəndə, ya bu sözü haradasa oxuyanda nə hiss edirəm?

  1. Mənə etibarsızlıq və etimadsızlıq
  2. Məsuliyyət daşımaqdan məhrum olmaq, inam hissini qorxu hissi ilə əvəz etmək
  3. Seçim etməyin yerinə imkansızlığa qapılmaq, düşünməməyi öyrənmək, özümə güvən hissini gunahkar hissi ilə əvəz etmək…

Valideyn cəza verirsə, cəza alətindən istifadə edirsə (bu alət bizdə geniş istifadə olunur), deməli, uşağa etibar etmir, onu məsuliyyət daşımaq, məsuliyyətli olmaq, fikir yürütmək, seçim etmək imkanından, təcrübə toplamaq fürsətindən məhrum edir. Cəza budur! Bu, cəzanın bir üzüdür…

İkinci tərəfi nədir? Mənə cəza verilirsə, məndə QORXU hissi, günah hissi formalaşır: atam, ya da anamın sevgisini itirmək qorxusu, onların gözündən düşmək qorxusu, onların istədiyi kimi hərəkət edə bilməmək, bacarıqsız olmaq, öz düşündüyümü etməkdən məhrum edilmək qorxusu. Axı mən cəzalanmışam. Cəzalanmışamsa, vəssalam! Günahkaram və cəzamı daşımalıyam! Deməli, məndə gunahkar hissi formalaşıb. Deməli, öz düsüncəmə, təcrübə qazanmağa, seçimə yer yoxdur. Anamla atam məndən razı qalsın deyə onların düşündüyü kimi, onların istəyinə uyğun yaşamalıyam. Onların görduyu kimi görməliyəm!!!

Alınan mənzərəyə baxın, 10-15 ildən sonra kimi görəcəksiniz? Başqalarının fikrindən asılı olan bir insan, öz düşüncəsi ilə hərəkət etməyən, ətrafdakıların sözünə daha cox önəm verən bir insan.

Mənim üçün bu, MƏN YOXAM deməkdir. Mənim içim boşdur, daha doğrusu başqalarının fikri ilə doludur.

Qorxunun fəsadı çoxdur; mən özümə inanmıram, köməyi həmişə kənarda axtarıram, mən yalan danışmalı oluram, qorxudan yalvarıram, alçalıram, ona görə də zəhləm gedir özümdən, özümü qəbul eləmirəm və s. Bu artıq başqa böyük mövzudur…

Cəza köhnə paradiqmanın alətidir

depressiyada ushaq

Cəza köhnə paradiqmanın, köhnə dünyanın alətidir. Və bu alət köhnə paradiqmada işləyir. Çünki bu dual dünyada cəmi iki seçim, iki yol var: cəza və mükafat. Mən uşağı ya cəzalandırıram, ya da mükafatlandırıram. Və bütün bunları MƏN eləyirəm—mən ana, mən ata! Uşağa təcrübə toplamaq, yetişmək, müdrikləşmək, öz düşüncəsini, fikrini formalaşdırmaq imkanı vermirəm. Köhnə paradiqmada, yəni dual aləmdə uşağın hərəkəti DƏYƏRLƏNDIRILIR və doğru edirsə mukafat, doğru etmirsə cəza verilir. Yəni bütün hallarda MƏN—mən böyük qərar verirəm! Bəs uşaq?

Biz uşaqları daha çox hansı hallarda cəzalandırırıq?

Ailələrdə rast gəlinən situasiyalar: Mən harasa tələsirəm, uşaq çatdırmır, cünki sürətimiz fərqlidir və mən əsəbləşirəm, qışqırıram, dərhal cəza verirəm: “Sənə görə gecikdim, gecikdiyim üçün istədiyin filan şey olmayacaq, alınmayacaq və s! ”

Yaxud yorulmuşam, fikrim başqa yerdədir, keçmişdədir, gələcəkdədir və uşaq əl çəkmir, məndən nə isə istəyir, cavab vermirəm, əl çəkmir və… cəzalanır! Halbuki sadəcə hissləri izah etmək olardı: “Uşaqlar, indi yorğunam, bir az vaxt verin, tək qalmağa ehtiyacım var və s.” Uşaqlar hər şeyi anlayırlar və hisslərə uyğun hərəkət edirlər. Belə olanda uşaq hiss baxımından savadlanır. Hissləri ayırd edə bilir, hissləri haqqında özü də danışa bilir və başqalarının hisslərinə anlayışla yanaşa bilir, emosional  vəziyyəti qiymətləndirməyi öyrənir: “İndi anama/atama tək qalmaq lazımdır”

Yollar həmişə sadədir. Məsələn, 4 yaşlı uşaq şəkil çəkəndən sonra qələmləri atır, ana, ya da ata yığışdırır. Beləliklə, uşağın məsuliyyətini üzərinə alır və duşünmür ki, bu işi uşaq özü də görə bilər. Ya da birlikdə yığışdırmaq, model vermək, həvəsləndirmək olar. Bu yolla uşaqda “mən edə bilirəm, mən məsuliyyət daşıyıram” bacarığı formalaşar. Uşaqlar valideynlə birgə iş görməyi çox sevirlər və məsuliyyətli olmağa belə başlayırlar. Nəticədə özlərinə güvənirlər. Bu halda uşağa sabah “dərslərini elə”, “paltarlarını yığışdır” deməyə ehtiyac qalmır.

ana bala birge ish

–Cəzalanmasının səbəbi dərsdirsə, uşağın məktəbə münasibəti necə olacaq?

–Bu məsələnin bir tərəfidir… O biri tərəfi: dərsini eləmədiyi üçün, iki aldığı üçün, dalaşdığı üçün və s. görə cəza alırsa, uşaq bu hərəkətinə görə məsuliyyət daşımaqdan məhrum edilir. Məsuliyyəti mən valideyn üzərimə götürürəm. Daim onu nəzarətdə saxlayıram; lazım bilirəmsə, cəzalandırıram, lazım bilirəmsə mükafatlandırıram. Belə çıxır ki, uşaq əlindən bir şey gəlməyən varlıq, sadəcə idarə olunmalı bir obyektdir. Dərslərini hazırla dedimsə, hazırlamalıdır.

Valideynlərdən çox eşitdiyim bir cümləni deyim: “Axı cəzalandırmasam, uşağın yanında nüfuzum, hörmətim olmaz” Baxın: “Mənim nüfuzum!” “Mənim eqom!” Belə çıxır ki, bunlar hamısı mənim üçün uşaqdan vacibdir. Uşaq nə hiss edir, hansı hisslər formalaşır, mənə maraqlı deyil.

–Bunu valideynlərə deyəndə, qəzəblənirlər: Nə demək istəyirsiz, mən uşağımı sevmirəmmi? Siz məndən çoxmu sevirsiz mənim övladımı?  

hirsli muellimBilirsiz, sual versək ki, məhəbbət nədir? Ata və ana məhəbbət deyəndə nə başa düşür? Uşaq nə deməkdir? Hərənin bir fikri var. Biri bilir ki, uşaq sadəcə kiçik olduğu üçün köməyə ehtiyacı olan insandır, İNSAN! Biri hesab edir ki, uşaq “qələtini eləsin, yerində otursun” deyiləcək insandır. “Uşaq kimdir fikri olsun, məsuliyyəti olsun? Böyük-kiçik var, mən deyirəmsə, belə olmalıdır!” və s.

Bu yanaşmalar və düşüncələr dediyim köhnə paradiqmanın yaratdıqlarıdır. Hal-hazırda çox ailələr köhnə dünyadandır və təbii ki, alətlərindən bacarıqla istifadə edirlər.

Kimsə burdan çıxmaq istəyir—hansısa ana artıq narahat olmaq istəmir, qorxularla yaşamaq, uşağını cəzalandırmaq istəmir, yeni yollar axtarır. Axtarırsa mütləq tapır! Amma yeni fikirləri qəbul etmək valideynlər üçün çox çətindir, çünki onlar bu köhnə paradiqmadadırlar.

–Axı bu ailəni—bu gəmini bir kapitan idarə etmir. Valideynlərdən biri, tutaq ki, ata yeni fikri qəbul etsə belə, ana yenə cəza alətindən istifadə edirsə? Hələ nənə var, baba var. Bu halda yeniliyi qəbul etmək mümkündürmü?

Mümkündür. Bu alət—cəza hardan gəlir? Mənim içimdən. Birmənalı şəkildə mən özümdən başlamalıyam. Ideal olmaqdan söhbət getmir, insan olmaqdan bəhs edirəm. Mənim həm güclü tərəflərim var, həm də zəif. Mən bir valideyn olaraq özüm haqqımda bunları bilirəmmi?!

Bir sözlə, mən uşağa qarşı cəzadan özümü zəif hiss edəndə, öz sistemim olmayanda, öz üzərimdə calışmayanda istifadə edirəm.

Valideynin öz üzərində işləməsi nədir?  Bu o deməkdir ki, valideyn savadlı olmalıdır. Bu universitet diplomunun olması demək deyil. Ədəbiyyat oxumalıdır, fiziki cəhətdən güclü olmalıdır, idmanla, yoqa ilə məşğul olmalıdır, dünyagörüşü geniş olmalıdır, içindəki səsi dinləməyi bacarmalıdır, gündə bir saatını meditasiyada keçirməlidir və s. Primitiv səviyyədən, primitiv alətlərdən daha yuxarı səviyyəyə qalxmalıdır. Deyəcəksiniz, bizim işimiz-gücümüz yoxdur? Səhərdən axşama qədər işləyirik, pul qazanırıq…

Mənim duşuncəmə görə işləmək, pul qazanmaq bütün bunlara əngəl deyil. Ən önəmlisi bunları etmək istəyidir. “Kim nə deyəcək?”, “cəmiyyət nə deyəcək?” , “qohum- qonşu nə deyəcək” dən uzaqlaşmaq vaxtıdır.

–Siz nə deyirsiniz, siz özünüz? Bu suala səmimi olaraq cavab verin.

Hər bir ailənin öz mədəniyyəti var, adət-ənənəsi var. Olsun, cünki hər ailə unikaldır. Amma ailədə sinxronluq olmalıdır, valideynlər arasında ümumi fikir olmalıdır. Sinxronluq yoxdursa, yaratmaq olar. Bunu da təzyiqlə, məsələn, uşaq tərbiyəsiylə bağlı kitabı, kobud ifadə etsək, “kişinin (yaxud ananın) gözünə soxmaqla” eləmək mümkün deyil. Əvvəl mən özüm dəyişməliyəm. Kiməsə nəsə demədən inandığım yolla hərəkət etməliyəm, onda ətraf da dəyişəcək. Bu, əlbəttə, asan deyil, amma mümkündür.

Tez-tez deyirik, “uşaqla əvvəldən belə başlamalıyıq”. Uşaq artıq böyüyübsə?

Heç vaxt gec deyil. İnsan 40 yaşında da dəyişə bilər. Buna inanmaq yetər.

–Sonuncu sualım: Hansı cəzanı heç vermək olmaz?

İstənilən cəza yolverilməzdir. Seçim var. Bütün hallarda alternativ var.

aglayan qizHər bir cəza növü, mənəvi ya da fiziki cəza yolverilməzdir. Anam mənim üzümə vurursa, ürəyimə vurur. Məni alçaldır. Yox edir məni. Analar bəzən mənə deyir, “təkcə əlindən vururam”, “mən bircə yanından vururam”. Fərqi yoxdur. Və fiziki cəza təkcə vurmaq deyil, yemək verməmək, su verməmək, uşağı evdən qovmaq—bunlar hamısı fiziki cəzadır.

Uşağı cəzalandırdığınız zaman özünüzü onun yerinə qoyun və hiss etdiklərinizi dinləyin.

Və sonda demək istərdim, hər bir təcrübə–hadisə, konflikt, müsbət ya mənfi, hər bir təcrübə önəmlidir. Birincisi bu SIZIN təcrübənizdir, bu təcrübə sizə informasiya və bilik verir. Bunların ikisi də olmalıdır.

Biz insanlar ücün və demək bizim uşaqlarımız ücün həyat təcrübəsi və həyat dərsləri təhsil sisteminin verdiyi biliklərdən daha önəmlidir.

Share Button

Bir cavab yazın