Ərköyünlər

Share Button

Bir dediyi iki olmayan, ərköyün, həm də həmişə bikef…

incimihs uhsaq

Valideynlərin ən çox şikayət etdiyi şeylərdən biri də uşaqların bitməyən istəkləridir. Bu yaxınlarda 2 uşaq anası olan bir xanımla söhbət etdim. Qadın uşaqlarından ötrü əlindən gələni etdiyini, amma onları razı sala bilmədiyini danışdı. Dediklərindən belə çıxdı ki, sözün həqiqi mənasında uşaqlarının bir dediyi iki olmur, amma uşaqlar ya daha çoxunu istəyir, ya da istədiklərini əldə etdikdən sonra gözləndiyi qədər maraq göstərmir, başqa arzuların dalınca düşürlər. Xanımın özünü çıxılmaz durumda hiss etməsi məni də maraqlandırdı, bu mövzuda araşdırmaya başladım. Və o qədər sual çıxdı ki…

İstədiyini etməsək, uşaq özünü necə hiss edər? Etsək, nə olar? Uşaqların hər istəyi yerinə yetirilməlidirmi? İstəyi yerinə yetirilməyəndə uşağın verdiyi reaksiya qarşısında valideyn nə etməlidir?

“Mən yaşamadım, övladım yaşasın”

Uşağı şüurlu şəkildə yetişdirmək ən vacib məsələlərdən biridir. Amma təəssüflər olsun ki, bəzi valideynlər məsələyə məntiqlə yox, emosional yanaşır, yalnız uşağın hər istədiyini etməklə ideal və yaxşı valideyn ola biləcəklərini düşünürlər.

Çox az valideyn uşağın fiziki və psixoloji inkişafı ilə bağlı geniş informasiyaya sahibdir. Valideynlər uşaqlarının həyatını bacardıqları qədər asanlaşdırmağa, onlara hər şəraiti yaratmağa, xoşbəxt olmaları üçün əllərindən gələni etməyə çalışırlar. Kimsə bunun yanlış olduğunu demir. Sadəcə bəzi məqamlarda diqqətli olmaq lazımdır. Məsələn, bir çox valideyn məsələyə “mən yaşamadım, heç olmasa, övladım yaşasın” aspektindən yanaşır. Yəni özünün uşaq vaxtı istəyib, əldə edə bilmədiklərini xatırlayır və eyni situasiyanı uşaqlarının yaşamasını istəmir. Övladlarının bir istəyinə “yox” demədən və bunun uşağın həyatı üçün hansı müsbət, mənfi tərəfləri ola biləcəyini düşünmədən davranır. Və ən böyük səhvi elə burda etdiyini bilmir.

 lego ve ushaq

 “Doyumsuzluq” vərdişi

Uşaqların hər istəyinin yerinə yetirilməsi bəzən onlarda doyumsuzluq vərdişi yaradır. Yəni uşaq şüurlu şəkildə deyil, sadəcə vərdiş halını aldığı üçün nəsə istəyir. Çünki hər istədiyini əldə edə biləcəyinə də əmindir. Mütəxəssislərin araşdırmalarına görə hər istəyi həyata keçən uşaqlar xoşbəxt ola bilmir, hər şeydən narazı qalır və çox səbrsiz davranırlar. Dəyər verməyi, sahib olduğunun dəyərini bilməyi bacarmırlar. Çünki valideynləri onlara bu şəraiti yaratmır.

 

Uşağın əmək sərf etməsinə icazə verin 

birge ish

Gəlin, öz üzərimizdə bir eksperiment keçirək. Biz nəyisə əldə etmək istədiyimizdə ondan ötrü çalışır, mübarizə aparırıq, fədakarlıq edirik. İstəyimizə çatdıqda isə özümüzlə qürur duyar, əldə etdiyimizə böyük dəyər veririk. Digər tərəfdən özümüzə olan güvənimiz artar.

Sual yaranır, sizcə hər istəyi yerinə yetirilən uşağın bu duyğuları yaşaması mümkündürmü?

Uşağınızın xoşbəxt, özünə güvənən, sahib olduqlarına dəyər verməyi bacaran biri olmasını istəyirsinizsə, onun nələrisə əldə etməkdən ötrü əmək sərf etməsinə icazə verin. Məsələn, istədiyi bir oyuncağı almaq üçün ona müntəzəm şəkildə pul verib, həmin pulu yığmağı və səbrlə gözləməyi öyrədin. Lazım olan məbləğ toplandıqda övladınızla birlikdə gedib həmin oyuncağı alın. İnanın ki, bu onun üçün daha yadda qalan olacaq və övladınızı daha xoşbəxt edəcək.

 Uşaq hər istədiyini ağlamaqla əldə edə biləcəyini düşünürsə?

aglayan qiz

Təbii ki, bütün uşaqlar eyni xarakterə, eyni düşüncəyə malik deyillər. Bəzi uşaqlar arzularını ağlayaraq həyata keçirməyə çalışarlar. Memorial Hizmet xəstəxanasından uzman psixoloq Sevda Sevimli “hurriyet.com”a müsahibəsində qeyd edir ki, uşaq istədiyi olmayanda ağlamağa başlayır və valideynləri o sussun deyə istədiyini edirlərsə, çox yanlış davranırlar. Valideynlər övladlarının nəyisə ağlayaraq əldə etməsinə icazə verməməlidirlər. “Yox” demək vacib deyil. “Uşaq zərərli bir oyuncaqla oynamaq istəyirsə, siz həmin oyuncağı ondan yavaşca almalı, ona maraqlı ola biləcək başqa bir oyuncaq verməlisiniz. Yəni onun marağını bir şeydən digərinə keçirmək çıxış yolu ola bilər. Yoxsa oyuncağı körpənin əlindən alıb, onu oyuncaqsız qoymaq da düzgün deyil.”

Əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir

Böyüklər kimi uşaqlar da istəklərini əldə edə bilmədiklərinə görə özlərini piss hiss edir, amma bunu uşaqcasına–ağlamaqla, qışqırıqla, küsməklə çatdırırlar. Valideynin narahatlığı təbiidir. Ancaq uşağa hörmətlə yanaşmaq, söhbət etmək, səbəbləri izah etməklə hər şeyi yoluna qoymaq mümkündür. Unutmayaq ki, uşaqların istəklərinə reaksiyalarımız onların tərbiyəsinin formalaşmasına təsir edən ən vacib amildir. Çünki müəyyən yaş dövründən sonra uşağın tərbiyə prosesi daha çətin olur, əlbəttə, əgər təməldə çox səhvə yol veririksə.

Günel Azadə

Share Button

Bir cavab yazın