Ev heyvanları uşaqları xoşbəxt edir

Share Button

Ev heyvanları ilə böyüyən uşaqlar daha xoşbəxt, özünə əmin, dostcanlı olurlar

baliqla ushaq

““Övladım özünə qapanandır, özünə inanmır, yaşıdları ilə dost ola bilmir, məsuliyyətdən qorxur” deyirsinizsə, psixoloqa getməzdən əvvəl, heyvan sığınacağına baş çəksəniz, yaxşı olar. Sizin uşağın başına gələ biləcək ən gözəl şey ev heyvanıdır.” Türkiyənin heyvanlar haqda xəbər saytı www.ajanimo.com belə yazır. Sayt Mississuri Autizm və Sinir İnkişafı Xəstəlikləri Universitetinin əldə etdiyi informasiyanı paylaşıb. Universitetin Thompson müalicə mərkəzində terapiya alan 8-18 yaşındakı uşaqlar arasında aparılan araşdırmalar heyvanların hətta autizimli insanlar üçün əhəmiyyətini göstərib. Məlum olub ki, heyvan saxlanan evlərdəki autizimli uşaqların sosial, sual vermək və suala cavab vermək, həmçinin özünü ifadə etmək bacarıqları daha yaxşı inkişaf edir.

Heyvanlar uşaqların emosional, zehni və fiziki inkişafına yardım göstərir, zəif olduqları sahədə bacarıqlar əldə etməsinə kömək edir. Uşaqların heyvanlara olan məhəbbəti, heyvanlara baxmaqdan ötrü məsuliyyət hiss etməsi böyük önəm daşıyır.

Uşağın heç bir qarşılıq gözləmədən bir canlıya sevgi bəsləməsi, məsuliyyət hissi daşıması onu həyatın növbəti mərhələlərinə hazırlayır. 

xoruzlu-oglan-300x200

Ev heyvanları uşaqda özgüvənin formalaşmasına yardım edir

Araşdırmalara görə ev heyvanı bəsləyən uşağın psixoloji vəziyyəti daha yaxşı olur, onlar fiziki baxımdan da daha sağlam görünürlər.

Heyvanla uşaqlar özlərini daha az yalnız hiss edirlər.

Uşaqlara heyvan baxımı mövzusunda bəzi işlər tapşırmaq, həmin işləri görməsi üçün ona şərait yaratmaq çox önəmlidir. Bu, onların özünü daha yetkin hiss etməsinə, özgüvəninin formalaşmasına ciddi təsir edir. Heyvan bəsləmək uşaqların öz qərarlarını vermək qabiliyyətinin də inkişafına şərait yaradır. Xüsusilə, uşaqların yeniyetməliyə keçid dövründə hansısa canlıya baxma məsuliyyətini üzərinə götürməsi onlarda daxili mənin formalaşmasına əhəmiyyətli təsir göstərir.

Sosial bacarıqların inkişafı

itle ushaq

Ev heyvanı ilə vaxt keçirmək uşağın sosial bacarıqlarını da inkişaf etdirir. Məsələn, evdə itlə böyüyən uşaqlar daha aktiv, digər yaşıdları ilə daha tez əlaqəyə girmə xüsusiyyətinə sahib olurlar. Bu da balacaların az stressli, psixoloji baxımdan daha rahat uşaqlıq dövrü keçirmələrinə səbəb olur. Bu rahatlıq həyatın növbəti mərhələlərində də davam edir.

Empatiya bacarığı

Sosial zəkanın inkişafının təməlində dayanan əsas şərt empatiya bacarığıdır. Ev heyvanı bəsləyən uşaqda bu bacarıq gözəl şəkildə inkişaf etdirilə bilər. Heyvana empatiya, onların ehtiyaclarını anlamaq bacarığı, insanlara da empatiya ilə yanaşmağa böyük kömək edir.

Ev heyvanı ilə vaxt keçirmək həmçinin uşaqda yardımsevərlik duyğusunu yaradır.

qizlar dovshanla

Ailə üzvləri arasındakı münasibəti gücləndirir

Evdə ev heyvanının olması bəzən ailə üzvlərinin birlikdə daha çox vaxt keçirməsinə imkan verir. Bu da valideynlər ilə uşaq arasında əlaqənin və ailə birliyinin güclənməsinə səbəb olur. Ev heyvanı övladlar arasında olan münasibətə də müsbət təsir edir. Belə ki, həmin heyvana birlikdə qulluq etmək, onunla birlikdə vaxt keçirmək, əylənmək və s. kimi hallar uşaqları dostlaşdırır.

Təbii ki, bütün bu işlərdə valideynlərin üzərinə böyük yük düşür. Evdə heyvan saxlamağa ilk olaraq onlar özləri hazır olmalıdırlar. Onlar heyvan bəsləmədə uşaqlarına örnək olmalı və heyvan sevgisini övladlarına aşılamalıdırlar.

Elə məqamlar var ki, bunlara valideynlər xüsusi diqqət ayırmalıdırlar. Uşaqlara ev heyvanı almadan əvvəl bəzi şeylər nəzərə alınmalıdır.

Ev heyvanı almadan əvvəl düşünülməli məqamlar

ushaq heyvani yedirderken

  • Bunun üçün ilk olaraq uşağınızı yaxşı tanımalı, onun hərəkətlərini düzgün qiymətləndirməyi bacarmalısınız. Məsələn, əgər uşağınız evdəki oyuncaqlarından tez bezir, onlara olan həvəsi və marağı tez keçirsə, ev heyvanına münasibətdə də bu baş verə bilər. Buna görə də uşağınızın ev heyvanı istəyinin hansı səviyyədə olduğunu anlamadan ona heyvan almayın.
  • Əgər uşağınız heyvanlardan qorxusu varsa, bunu aşmağa çalışın. Yalnız heyvan qorxusunu dəf etdikdən sonra ona heyvan hədiyyə edə bilərsiniz.
  • Uşağınıza heyvan almadan əvvəl ona bunun necə məsuliyyətli iş olduğunu, heyvanın oyuncaq olmadığını, onunla necə davranmaq gərəkdiyini izah edin.
  • Evə heyvan almamışdan əvvəl özünüzün və uşağınızın nəyəsə allergiyası olub- olmadığını dəqiqləşdirin.
  • Əgər siz özünüz evdə heyvan bəsləməyə hazır deyilsinizsə, uşağınıza ev heyvanı almayın. Əvvəlcə, siz buna hazır olmalısınız.
  • Maddi vəziyyətinizin buna uyğun olub-olmağını müəyyənləşdirin. Çünki evdə heyvan saxlamaq da müəyyən məsrəflər tələb edir.
  • Almaq istədiyiniz heyvanı saxlamağa şəraitiniz yoxdursa, o heyvanı almayın

Günel Azadə

Share Button

Bir cavab yazın