loading...

Hamiləliyin 19-cu həftəsi

Share Button

Balanız işıqla qaranlığı ayırmağa başlayıb!

Hamiləliyin 19-cu həftəsində həm sizdə, həm də uşaqda ciddi dəyişikliklər baş verir. 19 həftəlik dölün videosunu izləyə bilərsiniz.

Dölün çəkisi indi 250 q-dır. Boyu çox artmayıb, bu günlərdə onun bədənində yağ ehtiyatı toplanmaqdadır. Boynun kökündə, döşdə, böyrəklərin ətrafında yağ təbəqəsi əmələ gəlir. Bu, insanın bədəninin istisini qorumaq üçün vacibdir.

Beyinlə əzələlər arasında neyronlar əlaqələnir, nəticədə uşaq daimi hərəkətdədir və hərəkətlərini idarə edə bilir. Onun təpiklərini, yumruqlarını yəqin ki, hiss edirsiniz:) Yox? Narahat olmayın, hər qadın özünəməxsusdur. İlk hərəkətləri 22-ci həftədə hiss edənlər var. Bəlkə səhər bağırsaqlarınızda qaz topalarının hərəkətinə bənzər nə isə olub? Bəlkə bu heç qaz topası deyil? Axı uşağın hərəkətini hər qadın bir cür hiss edir.

Balanız işıqla qaranlığı ayırmağa başlayıb! Uşaqlığınıza tərəf güclü işıq düşəndə körpə işığa sarı çevrilir.

Hamiləliyin 19-cu həftəsində uşağın daimi dişlərinin mayası əmələ gəlir. Onlar süd dişlərinin mayasından dərində yerləşir.

Balanız qızdırsa, onun ibtidai yumurta hüceyrələri əmələ gəlib.

Hamiləliyin 19-cu həftəsində uşağın bütün bədəni narın tüklə örtülməyə başlayır. Narahat olmayın, bu tüklər uşaq doğulana qədər töküləcək. Bəzi uşaqların yalnız qulağında, üzündə xırda tüklər qalır, sonra onlar da tökülür.

Kökəlirsiniz!

hamile terezideDölün, uşaqlığın, döşlərinizin, dölətrafı mayenin çəkisinin artdığını nəzərə alsaq, siz də 6-7 kq “kökəlmisiniz”. Çalışın, yanı üstə yatın. Arxası üstə uzananda damarlara təzyiq olur, nəticədə qan təzyiqi düşür, baş gicəllənir. Baş gicəllənməsini qəfil ayağa qalxanda hiss edə bilərsiniz. Çünki qəfil qalxanda qan beyindən axır. Ona görə də tələsmədən hərəkət edin.

“Aşağıda” ifrazat arta bilər. Bu normaldır, amma ifrazat qəfil artarsa və həddən çox olarsa, həkimə müraciət edin.

Qan dövranı güclənir, tərkibində dəmir olan ərzaq məhsullarından (ət, balıq, kəsmik, yumurta, alma, kök və s.) bol-bol istifadə edin.

Hamiləliyin 19-cu həftəsində dərinizdə dəyişikliklər ola bilər. Siz əllərinizin qızardığını, üzünüzdə, ya bədəninizdəki ləkələrin, dodaqlarınızın tündləşdiyini görə bilərsiniz. Narahat olmayın, bunlar hamiləliyin əlamətləridir, keçib-gedəcək. Unutmayın ki, siz indi dünyanın ən xoşbəxt qadınlarındansınız, çünki hamiləsiniz!

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 20-ci həftəsi”  yazısında…

Share Button

Bir cavab yazın