loading...

Hamiləliyin 20-ci həftəsi

Share Button

Onun yatib-durduğunu hiss edirsiz!

20 heftelik dolİndi balanızın çəkisi 300 q-a yaxındır, boyu 25-26 sm-dir. O elə fəaldır ki, siz onun yatıb-durduğunu hərəkətlərinə əsasən müəyyən edə bilərsiniz.
Bu günlərdə uşağın dərisi üzərində pendirvari maddə əmələ gəlir. Bu təbəqə dərini qoruyur. Ağ-krem rəngli təbəqənin altında isə dərinin əsas təbəqələri yaranmaqdadır. Pendirvari maddə bəzən doğuşa qədər qalır. Uşağı yuyan tibb işçiləri onu steril salfet vasitəsilə silib təmizləyirlər.

Hamiləliyin 20-ci həftəsində uşağın bağırsağında nəcisin ilkin forması əmələ gəlir. Uşağın gözləri tam açılmasa da, o, istiqaməti müəyyən edir, qaranlıqla işığı ayırır. Əkizlər 20-ci həftədə bir-birlərinin üzünü tapır, əl-ələ tuta bilirlər.

Hamiləliyin 20-ci həftəsindən uşağın ürək döyüntüsünü eşitmək üçün ultrasəs müayinəsinə ehtiyac qalmır, döyüntünü mama-həkimin trubkasını ananın qarnına dirəməklə eşitmək olar.

Qarnınız həftədə 1 sm böyüyəcək.

Həkim qarnınızı hər dəfə ölçməlidir. Qarnın ölçüsünə əsasən hamiləliyin inkişafı barədə fikir söyləmək olar. Qarnın böyüklüyü, ya kiçikliyi “qasıq qovuşması” deyilən yerdən göbəyə qədərki məsafəyə əsasən müəyyən olunur. Qasıq qovuşması sidik kanalının üstü, qarnın aşağısındakı orta hissədir. Qadının boyundan asılı olaraq, qasıq qovuşmasından göbəyə qədərki məsafə 15-25 sm olur. 20-ci həftədə bu məsafə orta hesabla 20 sm olmalıdır. Əgər məsafə həddən artıq çox, məsələn 28 sm olarsa, ultrasəs müayinəsindən keçməlisiniz, bəlkə siz əkiz doğacaqsınız!

Hamiləliyin 20-ci həftəsi, hamilənin qarnıHamiləliyin 20-ci həftəsindən başlayaraq qarnınız həftədə 1 sm böyüyəcək. Amma qarnınızın ölçüsünə görə heç vaxt təşvişə düşməyin. Axı hər bir qadın özünəməxsusdur. Həm də bir neçə dəfə doğan qadında ölçülər fərqli olur. Qarnınızın ölçüsü sizi narahat edirsə, həkimlə danışın.

“Aşağıda” ifrazat arta bilər, ağ, sarımtıl, qatı ifrazat ola bilər. Bu normaldır, ancaq ifrazat həddən çox olarsa, həkimlə danışın. Bezlərdən istifadə edin. Alt paltarınız pambıqdan olsa yaxşıdır.

Yuyunanda ehtiyatlı olun, güclü su şırnağına ehtiyac yoxdur, suyun uşaqlıq yoluna düşməsinə imkan verməyin.

Gecə qəfil ayağınızın ağrısından oyana bilərsiniz. Hamilə qadınlar yatanda bəzən ayaqları qıc olur (bu hal günorta uzananda, oturanda da müşahidə olunur). Narahat olmayın, ayaq əzələləriniz çəkinizin artmasına “etirazını bildirir”. Ayağınızı irəli uzadın, pəncənizi arxaya, dizinizə doğru əyin və pəncənizlə dairə cızın, qıcolma keçəcək. Yatanda döşəkçələrdən istifadə etməyi unutmayın.

Qan dövranı güclənir, tərkibində dəmir olan ərzaq məhsullarından (ət, balıq, kəsmik, yumurta, alma, kök və s.) bol-bol istifadə edin. Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 21-ci həftəsi” yazısında…

Share Button

Bir cavab yazın