loading...

Hamiləliyin 30-cu həftəsi

Share Button

Onun gözləri tam açılır

Balanızın boyu 40 sm-ə yaxındır, çəkisi 1200-1400 q-dır. Səbriniz tükənir? 10 həftəniz qalır:)

Uşaq indi əvvəlki kimi tərpənə bilmir, çünki yeri dardır. Ancaq yenə fəaldır. Yumruqları, təpikləri əsasında siz onun yatıb-durduğu vaxtı daha yaxşı müəyyən edə bilirsiniz (hərçənd uşaqlar yatanda da əl-qol atırlar).

30 həftəlik uşağı ana bətnində müşahidə edə bilərsiniz. Video USM və Dopler aparatı ilə çəkiliş (2D və 3D formatında):

Bətninizdə daşıdığınız körpənin hərəkətlərini hiss etməkdən gözəl nə ola bilər? Bu hissi yoldaşınızla da paylaşın.

Videoda görünməsə də, hamiləliyin 30-cu həftəsində uşağın gözləri tam açılır! O, ətraf aləmlə tanış olur. Yəqin elə bilirsiniz ki, onun ətrafı qaranlıq uşaqlıqdan ibarətdir. Elə deyil! Ətrafınız işıqlı olanda, sizin uşaqlığa da işıq düşür, məhz buna görə uşaq işıqla qaranlığı ayırır.

Hamiləliyin bu dövründə uşaq hıçqırır da! Narahat olmayın, yəqin ki, dölətafı mayeni udanda “səhv edib” (maye nəfəs borusuna düşə bilər), axı balanızın ciyərləri indi məşq edir, müstəqil həyata hazırlaşırlar.

Bu günlərdə körpənin saçları uzanmaqdadır, saç başını tam örtür. Ancaq dərisi hələ ki, qırışdır.

Əhvalınız tez-tez dəyişir?

hamileliyin 30-cu heftesindeSizin qarnınız çanaqdan 30 sm irəli çıxıb və yəqin ki, onun bundan da böyük olacağı ağlınıza gəlmir. Ancaq qarşıda 10 həftə var və bu həftələrdə uşaq, eləcə də qarnınız daha sürətlə böyüyəcək. Ona görə də uşağı daşımaq getdikcə çətinləşir. Bu dövrdə evdə təmir, ağır təmizlik işləri aparmaq, bütün gün mağazaları gəzmək olmaz. Ancaq bütün gün uzanmaq da lazım deyil. Təmiz havada gəzinti hər şeydən yaxşıdır. İndi siz daha çox istirahət etməlisiniz.

Hormonal dəyişiklik qadınların çoxunda bu dövrdə depressiyaya səbəb olur. Özünüzü ələ alın, istirahətinizdən qalmayın. İdman sizin əhval-ruhiyyənizi yaxşılaşdırar, ancaq ehtiyatlı olun! Həddən artıq hərəkət təhlükəli ola bilər.

Arxası üstə çox uzanmaq olmaz! Çəkiniz artdığından qan damarlarına təzyiq çoxalır. Yataqdan duranda yanı üstə, əvvəl ayaqlarınızı yerə sallamaqla durun.

Çəkiniz bel ağrısını da artıra bilər. Oturanda, gəzəndə belinizi düz tutun.

Yeməyinizə diqqət edin. Kök, alma (bunları sürtgəcdən keçirib, 1 qaşıq xama qatsanız, hamilə üçün ideal salat alınar), qatıq (qatığa üzüm, əncir və ərik qurusu, albuxara atmaq olar) yeyin. Üzüm, əncir və ərik qurusu, albuxaranı yaxşı-yaxşı yuyub, ət maşınından keçirin, soyuducuya qoyub, hər dəfə yeməkdən qabaq bir qaşıq yemək məsləhətdir.

Otlardan hazırlanmış çayları çox içməyin. Onlar ziyan edə bilər.

Hamiləliyin növbəti həftəsi haqda“Hamiləliyin 31-cu həftəsi” yazısında…

Share Button

Bir cavab yazın