loading...

Hamiləliyin 35-ci həftəsi

Share Button

“Azadlığa” 5 həftə qalır!35 heftelik

Balanız indi həftədə 200-220 q “kökəlir”. Onun əl-ayağı koppuş olub. Bu həftə uşağın çəkisi 2500-2600 q-dır, boyu 45-47 sm-ə çatır (Unutmayın ki, bu rəqəmlər şərtidir, uşağınızın boyu və çəkisi fərqli ola bilər. Bu sizi narahat etməməlidir. Hər uşaq özünəməxsusdur.)

Çəkisi artdığından, körpə bütün uşaqlığı tutub və daha çətin hərəkət edir. Onun hərəkətləri sizi incidə bilər. Bir az da dözün, “azadlığa” 5 həftə, bəlkə də lap az qalıb. 

Hamiləliyin 35-ci həftəsində uşaqların çoxu başıaşağı-doğuşa hazır vəziyyət alır. Çiyinlər cənuba–aşağı doğru yığılır. Kəllə sümüyü hələ yumşaqdır və yaxşı ki, yumşaqdır. Məhz belə olduğu üçün körpə, uşaqlıq yolundan keçərək dünyaya gələ bilir.

Uşağın dırnaqları elə uzanır ki, o dünyaya üzündə dırnaqlarının qoyduğu izlərlə gələ bilər.

Yorulmaqdan yoruldunuz?

hamile aileSizin, eləcə də həyat yoldaşınızın əhval-ruhiyyəsində bu günlər dəyişiklik ola bilər. Valideynlər uşağın doğulmasını gözləməkdən yorulur, səbrləri tükənir, hər xırda şeyə görə əsəbiləşirlər. Unutmayın ki, uşağın içəridə qaldığı hər bir gün onun dünyaya gəlişini, eləcə də gəlişindən sonrakı dövrü asanlaşdırır. Axı vaxtında doğulan uşaqlar daha sağlam olur, daha yaxşı yeyir və yatırlar.

Bəzilərini uşağın sağlam olub-olmaması düşündürür, bəziləri yaxşı ana olacaqlarına şübhə edir, hətta depressiyaya düşürlər. Bütün bunlar təbii və müvəqqətidir. Özünüzü ələ alın, gərginlikdən uzaq olun. Yoldaşınızla söhbət edin, bir-birinizə sizi narahat edən məsələlər barədə danışın. Həkiminizlə də söhbət edə bilərsiniz. Onun bildikləri sizi rahat edər.

Qarnınız balacadırsa, ya da hələ aşağı enməyibsə, narahat olmayın. Hamilənin qarnının ölçüsü və forması onun çəkisindən, boyunun hündürlüyündən, formasından, sümüklərindən asılıdır və qarnın ölçüsünün uşağın çəkisinə, ölçüsünə dəxli yoxdur.

yatan hamileYatmaq indi xeyli çətinləşib. Bel ağrısı, bir tərəfi üstə yatmaq, tez-tez oyanıb tualetə getmək sizi yorur. Deyirlər, təbiət ananı yuxusuz gecələrə hazırlayır:)

Bədəninizsə doğuşa hazırlaşır. Uşaqlıq yolu genişlənir, yığılıb-açılır. Keqel bu hazırlığa xüsusi kömək edər.

Maddələr mübadiləsi sürətlənir, qan dövranı yaxşılaşır, damarlar genişlənir, orqanizmin oksigen çatışmazlığına davamlılığı artır (bu, sancılar zamanı sizin köməyinizə gəlir). Beyin bütün orqanların işini tənzimləməyə hazır olur.

İndi mümkün qədər çox istirahət edin, uzanın, gəzin. Yola çıxmısınızsa, maşını tez-tez saxladın, hava alın.

Doğum evinə aparmalı olduğunuz şeyləri yəqin ki, yığmısınız. Əşyaların siyahısını bir daha gözdən keçirin. Həkimin telefon nömrəsi, ehtiyat üçün pul və sancılar başlayanda etməli olduğunuz hərəkətlər barədə qeydlər masanın üstündə qalsa yaxşıdır.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 36-cı həftəsi” yazısında…

Share Button

Bir cavab yazın