loading...

Hamiləliyin 7-ci həftəsi

Share Button

Bu həftə dölün ən sürətli inkişaf dövrüdürhamileliyin 7-8-ci heftesi

Hamiləliyin 7-ci həftəsində embrionun uzunluğu 5 mm olur. Bir neçə gündən sonra onun ölçüsü daha 2-3 mm artacaq və o, noxud dənəsi boyda olacaq.  Bu həftə ən sürətli inkişaf dövrüdür. Beynin hər iki yarımkürəsi formalaşır. Üzün cizgiləri yavaş-yavaş seçilir. Gələcək ağız-burnun “eskizi” olan “üçbucaq” görünür. Bronxların, ağciyərlərin ilkin toxumaları yaranır. Gözün əlvan təbəqəsi formalaşmağa başlayır.

Həzm sisteminin inkişafında xeyli irəliləyiş var; yoğun bağırsaq artıq tam formalaşıb, nazik bağırsaq formalaşmaqdadır.

Mədəaltı vəzi artıq ilk cəhdlərini edir, müstəqil şəkildə insulin buraxmağa çalışır.

Ürək hələ ki, sinədə qabarır-irəli çıxır. Az sonra ürək öz yerində olacaq.

Yuxarı ətraflar bir az da inkişaf edib. Keçən həftə xırda əllər var idi, 7-ci həftənin sonu çiyin, qol, hətta barmaqlar görünür (amma barmaqlar arasında hələ pərdə var). Ayaqların rüşeymi çox xırdadır.  USM zamanı aşağı hissədəki “quyruq” sizi qorxutmasın. Bütün insanların ana bətnində belə “quyruğu” olur. “Quyruq” 10-cu həftədə yoxa çıxır. 

Qarnınızın böyüməyinə çox qalmayıb

hamile 7Siz də dəyişməkdəsiniz. Amma qarnınız hələ böyüməyib. Bəlkə də bu sizin xeyrinizədir. Bəzi qadınlar hamilə olduqlarını işdəkilərə bildirmək istəmirlər. Amma sizin və balanızın sağlamlığı naminə hamiləliyinizi açıqlasanız, yaxşıdır. Siz gərginlikdən uzaq olmalı, mümkün qədər çox istirahət etməlisiniz.

Yemək yeyə bilmirsinizsə, tez-tez yeyin. Meyvə yeməlisiniz.

Hamiləliyinizin 7-ci həftəsində siz göbəyinizdən aşağıya doğru zolağın, eyni zamanda döş giləsi ətafının tündləşdiyini görəcəksiniz. Bəzi qadınlarda sinədə, ya da göbəkdən aşağıya doğru tüklər çoxalır, sərtləşir. Bunlar normaldır, hormonal dəyişikliyin əlamətləridir. Hamiləlikdən sonra bunlar keçib-gedəcək.

Həkimlə görüş bu ay daha çox söhbət xarakteri daşıyır. Həkim sizin çəkinizi, boyunuzu, qan təzyiqinizi, nəbzinizi ölçür. Sonuncu aybaşının tarixini müəyyən edir. Hansı xəstəlikləri keçirdiyinizi və s. öyrənir. Uşaqlığın ilkin vəziyyətinə baxır, yaxma götürür ki, uşaqlığın mikroflorasını öyrənsin. Həkim sizdən başqa analizlər də istəyəcək.

Unutmayın ki, analizlər, ya da həkimlə görüş kağızları doldurmaq üçün deyil, hamiləliyin gedişinə nəzarət etmək, həm sizin, həm də gələcək balanızın sağlamlığını qorumaq üçündür!

Müayinə zamanı sizi maraqlandıran sualları verin. Sual vermək çox vacibdir! Siz məlumatlanmalısınız. Ola bilər ki, həkim sizə bəzi şeyləri demir, çünki həmin şeylər ona aydındır, amma axı sizə aydın deyil.

Hamiləliyin növbəti həftəsi barədə “Hamiləliyin 8-ci həftəsi” yazısında…

Share Button

Bir cavab yazın