loading...

Hiperkoaqulyasiyanın–həddən artıq laxtalanmanın hamiləliyə təsiri

Share Button

“Laxtalanmam yüksəkdir, ana ola bilmirəm”, “uşaq hər dəfə ölü doğulur”, “hamiləliyim cəmi bir neçə ay davam edir, uşaq düşür”, “həddən artıq laxtalanmanın müalicəsi varmı?” deyə sual verən oxucularımıza mama-ginekoloq Dr. Kamran Nağıyev cavab verir:

Kamran Nagiyev

Hamiləlik zamanı laxtalanma

Qanın laxtalanması-qatılaşması (koaqulyasiya) hamiləlik zamanı normaldır. Hamiləlik davam etdikcə laxtalanma artır. Bununla təbiət qadını doğuşa hazırlayır—laxtalanma ananın çoxlu qan itirməsinin qarşısını alır.

Amma bəzən laxtalanma həddən artıq olur, yəni hiperkoaqulyasiya baş verir. Bu isə artıq qoruyucu deyil, hamiləlik üçün təhlükəli prosesdir, dölün məhvinə səbəb ola bilər.

Hiperkoaqulyasiya necə müəyyən olunur?

Qanın laxtalanma həddi adətən analizlə müəyyən olunur. Bəzən hamilə gəlib deyə bilər ki, doktor, analizə baxın, məndə laxtalanma yüksəkdir. Mən baxıram, bu hamilə üçün normaldır, dərmana ehtiyac yoxdur. Sadəcə izləyirik, laxtalanma eyni səviyyədə qalırmı, ya artırmı? Həddən çox artsa, qarışmalı oluruq. Həddən artıq laxtalanma şübhəsi varsa, hamilə hər 4-5 həftədən bir analiz verməlidir.

hekim-hamileden-qan-goturerken

Amma hər bir insan individualdır. Hər şey hamiləliyin gedişindən asılıdır. Bəzən elə problem yaranır ki (məsələn, dölün birləşmə yerinin qopması–hematoma), bir həftədən, ya iki həftədən bir analiz verilir. Yəni biz prosesi izləyirik və müşahidəmizə əsasən, hərəni öz probleminə uyğun olaraq göndəririk analizə…

Amma hiperkoaqulyasiya çox vaxt 2-3 düşükdən sonra müəyyən olunur. Son vaxtlar tibbdə belə bir protokol tərtib olunub; bir neçə erkən düşük zamanı heç bir analizdə başqa faktor, infeksion faktor, düşüyə başqa səbəb tapılmırsa, baxmayaraq ki, laxtalanma normaldır, ya da yüngülvari artıqdır, antiaqulyant, yəni laxtalanmaya qarşı müalicə başlanır.

Bu o deməkdir ki, hiperkoaqulyasiyanın müalicəsi var?

21 heftelik hamilelikƏlbəttə, var! Amma çox vaxt analizə görə yox, xəstənin şikayətlərinə əsasən başlayırıq müalicəyə. Əvvəla, düşüyün səbəbi laxtalanma olmaya bilər. Ola bilər ki, qadın kifayət qədər müayinədən keçməyib, hərtərəfli yoxlanmayıb, başqa səbəb ola bilər. Biz görsək ki, 2-dən çox düşük olub, bütün faktorlar yoxlanıb, heç bir konkret səbəb yoxdur, hətta laxtalanmadan şübhələnməsək də müalicəyə başlayırıq. Xarici protokollara əsasən–Türkiyə, Amerika, Almaniya protokolu var–onlara əsasən bu halda laxtalanmaya qarşı müalicəyə başlamaq lazımdır.

Bu halda biz analizlə sadəcə müalicənin koaqulyasiyaya təsirini izləyirik. Mənfi təsiri varsa, ya dozanı azaldırıq, ya bir müddət saxlayırıq.Yəni sadəcə izləyirik ki, ortaya başqa problem çıxmasın.

Hiperkoaqulyasiya necə müalicə olunur?

Hər kəsə individual yanaşmalıyıq, individual müalicə etməliyik. Elə qadın var ki, hiperkoaqulyasiyadan başqa problemi də var. Elə qadın var ki, heç bir problem görünmür, amma qanda hansısa 1 fermentin çatışmazlığı səbəbindən hiperkoaqulyasiya əmələ gəlir. Fermentin olmaması qanın laxtalanması üçün  lazım olan bir maddənin, elementin çatışmamazlığıdır. Yəni ola bilər ki, bir adamda anadangəlmə hansısa ferment çatışmır. Adi həyatda adamın barmağı kəsiləndə bir az gec laxtalanır, ya, əksinə, tez laxtalanır. Biz buna fikir vermirik, çünki həyati təhlükə deyil bu. Amma hamiləlik dövründə bu fakt üzə çıxır, problem yaradır.

Bu halda biz neyləsək də, effekt görmürük. Çünki ferment yoxdur. Bunu müəyyənləşdirmək üçün daha dərin araşdırma, daha dərin müayinə lazım olur. Və bütün hallarda müalicə aparırıq.

qan numuneleri

Müalicə hamiləliyin təyininin ilk günündən başlayır, 36-37-ci həftəyə qədər davam edir.

Hiperkoaqulyasiya vaxtında təyin olunmayanda uşaq inkişafdan qaldığı üçün götürülür, ya düşür. Gərək hamiləliyin əvvəlindən dərman qəbul edilsin. Müalicə olmasa, ya dərman kəsiləndə laxtalanma artır, tromboz olur, uşağın ürək döyüntüsü dayanır. Bu ehtimal hətta 40-cı həftədə var. Ona görə hamilə diqqətli nəzarətdə olmalıdır. Əvvəldən axıra qədər müalicə aparılmalıdır. Əvvəl həblərlə müalicə aparılır, müəyyən dövrdən sonra iynələrə keçirik. Elə xəstələr var ki, hər gün göbək ətrafına antioqulyant vururuq.

Bəzən hamiləliyin erkən dövründə dölün birləşmə yerinin qopması (gematoma) ehtimalı yaranır. Bu halda da antiaqulyant, yəni laxtalanmaya qarşı dərmanlar təyin edirik.

Bir qadın sual verir ki, qanı -4-dür, iki dəfə hamiləliyin 4-cü ayında açılış olub. Ona heç vaxt laxtalanmaya qarşı iynə vurulmayıb. Əvvəlki hamiləliklərdən 2 qızı var, biri 9, biri 6 yaşında.

–4 ayında açılış olubsa, tək laxtalanma yox, əlbəttə, uşaqlıq boynunun (sevikal kanalın) çatışmamazlığı problemi ola bilər, bu yoxlanmalıdır. Problem laxtalanma ola bilər, amma bu əsasən hamiləliyin ilkin dövründə ortaya çıxır.

Xanımın qızlarına görə… yaşı az deyil. Bu qadının laxtalanma sisteminin pozulması ehtimalı yüksəkdir. Başqa faktorlar da var, məsələn, piylənmə artıq dərəcədə ola bilər, bu da laxtalanmaya təsir edər. İlk növbədə başqa faktorları nəzərə almaq lazımdır. Qalxanvarı vəzinin funksiyası pozula bilər, bunu da yoxlamaq lazımdır.

Bir oxucumuz yazır ki, uşağı hər dəfə ölü doğulur, həkimlər həddən artıq laxtalanmanın səbəb olduğunu bildirir.

–2-dən artıq hal qeydə alınıbsa, düşük varsa, laxtalanmaya qarşı müalicə getməlidir və hamiləliyin birinci günündən sonuna qədər getməlidir. Lazım gələrsə son həftələrdə uşağı vaxtından əvvəl götürmək lazımdır. Çünki uşaq inkişafdan qala, ürək döyüntüsü dayana bilər.

Müsahibəyə görə Dr. Kamran Nağıyevə təşəkkürümüzü bildiririk.

Share Button

Bir cavab yazın