loading...

İkinci doğulanda birinci…

Share Button

Siz ikinci dəfə hamiləsiniz və bu barədə hamıya, eləcə də ailənin kiçik üzvü olan birinci uşağa xəbər vermək istəyirsiniz? Qısqanclıq körpəni incitməyəcək ki? Tərəddüd etməyin, gec, ya tez uşağa kiçik bir bacısının, ya qardaşının olacağı barədə məlumat verməlisiniz! Əvvəla ona görə ki, siz ilk övladınızı ikincinin gəlişinə psixoloji olaraq hazırlamalısınız. İkincisi, bu xəbəri verməklə siz uşağınıza qardaş və ya bacısını gözləmək sevincini yaşatmış olarsınız.

Bu xəbəri uşağa nə vaxt deməli?

kolyaskaBəziləri hamilə olan kimi birinci uşağı “hazırlamağa” başlayırlar. Uşaq böyükdürsə, ona ananın hamiləliyi barədə daha tez məlumat vermək yaxşıdır. Çünki belə halda uşaq anasının halının niyə dəyişdiyini anlayar, narahat olmaz.

Amma uşaq balacadırsa, tələsməyə ehtiyac yoxdur. Çünki balacalar gözləməyi bacarmır, bacı və ya qardaşın gəlişinin uzanması onları qıcıqlandıra bilər. Mümkün qədər, məsələn, qarnınız böyüyənə qədər gözləsəniz yaxşıdır. Artıq demisinizsə və uşaq bacısı və ya qardaşının niyə gəlib çıxmadığını soruşursa, ona uşağın çox sonra—qışda, “qar yağanda”, yaxud Novruz bayramında doğulacağını demək olar.

Uşaq qarnınızın böyüməsinin səbəbini soruşanda danışmağa başlayın və onun bütün suallarına doğru cavab verməyə çalışın. Detallara varmaq vacib deyil, məsələn, uşağın necə doğulduğunu soruşanda “bunu həkim bilir” deməklə başqa mövzuya keçə bilərsiniz. Ona uşağın necə qidalandığı, inkişafı, ölçüsü barədə məlumat vermək olar. Uşağınız biologiya ilə maraqlana biləcək yaşdadırsa, ona daha çox şey danışmaq olar. İnsanın dünyaya gəlməsi haqda uşaqlar üçün nəzərdə tutulmuş animasiyalara baxa bilərsiniz.

Doğulacaq övladınızın cinsi barədə məlumatınız yoxdursa, uşağı sadəcə yeni körpənin gəlişinə hazırlayın. Uşaqdan bacı, yoxsa qardaş istədiyini soruşmasanız daha yaxşı olar. Uşaq qardaş gözləyirsə bacı, bacı gözləyirsə qardaşının doğulması xəbəri onu məyus edər.

Dölün hərəkətini hiss etmək yəqin ki, balaca üçün də maraqlıdır. Ona qarnınıza toxunmağa icazə verin. Birlikdə gələcək körpə üçün mahnı oxuyun, gecələr qoy uşağınız onunla da sağollaşsın.

ushaqanahamileParkda, həyətdə gəzəndə ona çağa göstərin. Çağanın necə bacarıqsız olduğunu, ondan fərqli olaraq, danışa, otura-dura, yeriyə bilmədiyini, bunları balacaya birlikdə öyrədəcəyinizi deyin.

Uşağınız ağıllı hərəkət edəndə onu tərifləyin, “Kaş bacın da/qardaşın da sənin kimi ağıllı, bacarıqlı olsun. Ona da belə olmağı öyrədərsən?”, deyə soruşun.

Yeni körpəyə pal-paltar alanda, otağını, yerini hazırlayanda mütləq “böyüklə” məsləhətləşin. Uşaq gələcək bacısına/qardaşına özü də hədiyyə alsa, lap yaxşı olar.

Uşağınızın 3-5 yaşı varsa, onu özünüzlə müayinəyə apara bilərsiniz. Siz, yaxud həkiminiz ona bacısı/qardaşı barədə məlumat verər. Ultrasəs müayinəsi zamanı körpəni görmək uşağa da maraqlı olar.

 

Gəlinciklə oynamaq, onunla gələcək körpə kimi davranaraq, ona qayğı göstərərək uşağı kiçik bacısı/qardaşı ilə ünsiyyətə hazırlamaq olar.

Doğum evinə hazırlaşanda balanız üçün də iş tapın. Qoy bezləri, kiçik əşyaları o yığsın.

Bütün bunlar böyük qızınıızın, yaxud oğlunuzun özünü kənarda deyil, prosesin iştirakçısı, böyüklərdən biri kimi hiss etməsinə imkan verər.

Diqqətli və qayğıkeş olmaq indi həmişəkindən çox vacibdir.

elushaqİkinci uşaq doğulandan sonra birinciyə daha diqqətli olmalıyıq. Məsələn, doğum evindən qayıdanda yəqin ki, yeni körpənin gəlişini bayram edəcəksiniz. Bu zaman böyük üçün də hədiyyə almağı, onu da təbrik etməyi yaddan çıxarmayın. Bunlar böyük uşaqda qısqanclığın qarşısını alar.

Uşağın qısqanclığı həm onun özünü incidir, həm də təhlükəli ola bilər. Bəzi uşaqlar, “Apar qaytar qardaşımı/bacımı həkimlərə!” deməklə kifayətlənir, amma bəziləri daha aqressiv olurlar, ya çağanı incidir, ya da diqqəti cəlb etmək üçün çağa kimi paltarına işəməyə, anadan döş tələb etməyə başlayırlar.

Bəlkə günah özümüzdədir, böyüyü doğrudan unutmuşuq? Bəlkə də indiyə qədər tək onunla məşğul olan valideynlərinin indi başqa birinə də diqqət etməsi övladımızı incidir?

Balanıza bütün hallarda anlayışla yanaşın. Onu çox danlamayın. Hətta, “deyəsən bacınla bağlı narahatsan, mən səni başa düşürəm”, deyərək söhbət etmək işin xeyrinə olar. Uşağın içindəki neqativ hissləri dilə gətirməsinə şərait yaradın. Bu, onu yüngülləşdirəcək.

Uşağın fikrini güclə dəyişməyə çalışmayın. Balacanın necə köməksiz olduğunu, heç nəyi bacarmadığını deyib, onu böyütmək üçün böyüyün köməyinə ehtiyacınız olduğunu bildirin. Bəzi proseslərdə iştirakına şərait yaradın və iş görəndə “sənsiz neyləyərdim?”, “sən nə yaxşı qardaşsan/bacısan!”, deyib onunla fəxr etdiyinizi hiss etdirin. Su və ya bez gətirməsini, uşağın üstünü örtməsini (əlbəttə, sizin nəzarətiniz altında) xahiş edin.

ikinci dogulanda birinci

Körpəni birlikdə çimdirmək, bezi birlikdə dəyişmək olar. Uşaq sizə kömək etmək istəməsə, inadkar olmayın! Uşağı nəyəsə məcbur etməklə siz onda körpəyə, həm də özünüzə qarşı mənfi münasibət yaradarsınız.

Hər şeydən vacib uşaqda özünəhörmət, özünə əminlik hissi yaratmaqdır. Uşaq özü haqqında yaxşı fikirdə olsa, valideynlərinin məhəbbətini hiss etsə, rahat olsa, kiçik uşağa daha sakit yanaşar. Çağanın hansısa hərəkətinə sevinəndə böyük uşağı çağırın, sevincinizi onunla bölüşün, “Səncə niyə belə elədi? Nə demək istəyir?”, deyə onun fikrini soruşun.

Eyni vaxtda uşaqların ikisinə də diqqət etmək olar. Məsələn, siz körpəyə süd verərkən böyüyünüzlə söhbət edə, onunla “ev tikə”, kitab oxuya bilərsiniz. Nə olur-olsun, böyük uşağı da dinləyin, onun suallarına cavab verin! Qoy həmişə sevginizi hiss etsin və buna şübhəsi olmasın.

Share Button

Bir cavab yazın