loading...

Keçmişdən gələn səslər

Share Button

Valideynlərimizin dedikləri beynimizdə ölüncə səslənir…

Zlaya-matMüəllifin də qeyd elədiyi kimi, bu tək birimizin hekayəsi deyil. Bu və başqa şeylər haqda yazmaq istəyəndə, “haqqım yoxdur hələ” deyib çəkinirik. Amma məşhur dietoloq Olqa Karçevskaya yazıb. Və yazdığından belə çıxır ki, bizim hər birimizin haqqı var, sevilməyə, sevgiyə layiq olmağa da hər birimizin haqqı var.

“Dünən metroda qatarı gözləyəndə bir ana və 6 yaşlı oğlu yanımda oturmuşdu. Ana dayanmadan dürtmələyirdi uşağını. Adi hal kimi, xüsusi qəddarlıq göstərmədən, həmişə belə edirmiş kimi dürtmələyirdi və elə həmişə belə elədiyi aydın görünürdü.

— Ana, qarnım ağrıyır…
— Kimin günahıdır? Sənə dedim axı o qədər yemə. Sən ümumiyyətlə, yeməyin həddini bilmirsən, bu da nəticə. Gör necə köpmüsən. Mən nə qədər lazım idi, o qədər yedim, amma sən? O qədər yemək nəyə lazım idi ki? Şalvarına bax, gör üstün-başın nə gündədir. Donuz kimi yemisən. Bu şalvarı dünən yumuşdum, indi yenə yuyulmalıdır. Dur, qatar gəldi. Yaxşı o əşyalarını kim götürəcək? Həmişə hər şeyini orda-burda qoyursan…

Uşaq çevrilib əşyalarını götürdü və başını sallayıb qatara doğru getdi. Ürəyim sıxılırdı. Bunun iki səbəbi vardı. Birincisi, ona görə ki, uşaq vaxtı mənimlə də belə danışırdılar. İkincisi, ona görə ki, çox yorulanda, dilxor olanda mən də uşağımla belə danışıram.

Elə istədim ki, bu uşağın yanında oturam, onun qarnını sığallayam, onu özümə sıxam və xoş sözlər deyəm. Məsələn, “Ona qulaq asma, sən ağıllısan, sadəcə uşaqsan. Yeməyin həddini bilməmisən, bu normaldır. Sənin beynin hələ uşaq beynidir, anan da nəzarət etməli idi. Paltarını çirkləndirməyin də normaldır. Sən uşaqsan, özü də oğlan uşağı. Sən lap başdan ayağa kömürçü kimi görünməlisən. Əşyalarını unutmağın da sən yaşda uşaq üçün adi şeydir. Həm də belə gecə vaxtı. Yəqin ki, yorulmusan.” Üstəlik, kefim yaxşı olanda oğluma dediyim xoş sözlərdən bir-ikisini indi ona da deyərdim: “Dovşanım, pişiyim mənim, şirinim…”

Amma mən qatarın başqa vaqonuna oturdum. Gözlərimi yummuşdum. Mənə elə gəlirdi ki, indi kimsə ağlayacaq. Məni hər addımda danlayan, hər dəqiqə irad tutan anamın səsini eşitməyə başladım. “Sənin əllərin…”, “BU CÜR qız kimə lazım olacaq axı”, “Ay Allah, sənin axırın necə olacaq” kimi tanış sözlər məni yenə ağrıtmağa başladı, əməlli-başlı ağrıdırdı.

Mən böyümüşəm və özümü müdafiə eləməyi öyrənmişəm. İndi heç kimə mənimlə bu cür danışmağa icazə vermirəm. Amma mən buna bir ildən çox çəkən psxoterapiyadan sonra nail olmuşam: Kökündən dağıdılmış sərhədlərin, darmadağın olmuş özgüvənin bərpası, özünü qəbul etmək və s. Amma səslər hələ də beynimdədir, mənimlədir. Eləki bir az zəiflədim, val yenidən fırlanmağa, köhnə mətnləri yenidən səsləndirməyə başlayır.

İndi mən özüm anayam. Dünyanın o biri başında yaşayıram, anamla aramda 8 min kilometrlik məsafə var. Biz çox az görüşürük, telefonla da nadir hallarda danışırıq. Telefonda o öz fikirlərini özünə saxlamağı öyrənib, mənim qadın, insan və peşəkar keyfiyyətlərim barədə bir söz demir. Hətta “Səni çox sevirəm” kimi mesajlar yazmağı öyrənib. Amma iki il bundan əvvəl birinci kanalda mənim də iştirak etdiyim proqrama (məni verilişə dietoloq kimi dəvət etmişdilər) baxandan sonra mənə belə bir sual vermişdi: “Özünə nə vaxt düz-əməlli iş tapacaqsan?” Anamın koordinat sistemində yalnız kosmos yuxarıdadır. Onunla bircə gündən artıq bir yerdə olan kimi uşaqlığımdakı səhnələr canlanır. Çünki anamla onun uşaqlığında daha pis rəftar ediblər. Anam mənə nənəmin ona verdiyinin 2%-ni qarışdırdığı “məhlulu” verir.

Mən bütün uşaqlığım boyu bu sözləri təkrarlayırdım: “Mən uşaqlarımla BELƏ rəftar etməyəcəyəm”. Amma əsəbi olanda, özümdən çıxanda qıraqdan özümə baxıb görürəm ki, mənim ağzım həmin sözləri, həm də eyni tərzdə, eyni intonasiya ilə  təkrarlayır.

Mən anamı heç günahlandırmıram. Nə 30 il əvvəl dediyi sözlərə, nə də demədiyi sözlərə (“mənim sevimli qızım”, yaxud “əziz qızım”, “şirinim”) görə. Çünki özüm də görürəm ki, uşaqlığımızda yaşadıqlarımız bizə çox güclü təsir edir. Bu “proqramı pozmaq”, köhnənin üstünə yenisini qoymaq asan deyil. Mənə yalnız onun halına yanmaq qalır. Yəqin onun anasının uşaqlığı daha da ağır olub. Bir az da o tərəfə nəzər salsa, şeytan da qorxub qaçar. O dövrün müharibələri, xəstəliklər, aclıq…

Onlar bacardıqları kimi yaşayıblar. Mənə isə yalnız onları sevmək qalır. Mənə öz balamı çox sevmək qalır ki, əcdadlarımdan gələn bu müdhiş estafeti ona verməyim. Gərginlikdən sonra üzr istəmək, izah etmək, nəyin niyə baş verdiyini başa salmaq qalır. Ona olan təmənnasız sevgimi gündə 10 kərə bildirmək qalır. Onu gündə 50 dəfə qucaqlamaq, xoş sözlər demək qalır.

Mən özümü bir böyük kimi aparmalıyam ki, o da böyüyəndə özünü böyük kimi aparmağı bacarsın. Bunun üçün mən əlimdən gələni edirəm. Əlimdən gələni edirəm ki, onun beynində səslənən səslər ona yaşamağa haqqı olduğunu desin. Məhəbbətə layiq olduğunu, sadəcə bu həyata gəldiyi üçün sevilməyə layiq olduğunu, bunun üçün özünü ora-bura vurmağa ehtiyacı olmadığını desin. Onun qəşəng və istedadlı olduğunu, böyük ürəyə sahib olduğunu, böyüyəndə əsl kişi olacağını desin. O artıq özünü kişi kimi aparır, mən gələndə qapını açır, əlimdə ağır nə varsa, alır. Bunu ona heç deməmişəm.

Mən heç də həmişə yaxşı ana ola bilmirəm. Amma elə belə yaxşıdır. Qoy onun gözləntiləri çox olmasın, kimsənin ideal olmadığını bilsin. Qoy bilsin ki, bir gün yanında olacaq qadın da bəzən zəif, bəzən dilxor görünəcək, mövcud olmayan ideal qadını axtarmasın. Qoy bilsin ki, heç bir mübahisə bizim münasibətlərimizə, bir-birimizə təmənnasız məhəbbətimizə zərbə vura bilməz. Qoy bilsin ki, hər şey alt-üst olanda da söhbət etmək və hər şeyi qaydasına salmaq olar.

Mən bütün bunları eləməyə çalışıram və çalışdıqca beynimdəki səslərin azaldığını hiss edirəm. O səslər hələ də var və yəqin ki, həmişə də var olacaqlar. Amma mən onları daha çox eşitmirəm. Pəncərədən gələn maşın səsləri kimi, onları da eşitmirəm. İnsan hər şeyə öyrəşir. Mən öz haqqım uğrunda, kiminsə məhəbbətini qazanmaq uğrunda indi daha az vuruşuram, indi daha çox özüm olmağa çalışıram və daha çox özüm oluram.”

Share Button

Bir cavab yazın