loading...

Kesar əməliyyatı niyə bahadır? Kesara meylin səbəbi…

Share Button

turab canbaxishovSuallarımızı cavablandırdığına görə mama-ginekoloq

Uzm.Dr.Turab Canbaxışova təşəkkürümüzü bildiririk.

Təbii (vaginal)  yolla doğuşu mümkün olmayan və ya bu doğuş üçün tibbi əks göstərişi olan xanımlara cərrahi əməliyyat təyin olunur; uşağı çıxarmaq üçün qarnın ön divarı və uşaqlıq divarı kəsilərək döl azad edilir. Azərbaycan ədəbiyyatında bu cərrahi doğuşun adı  “kesar” və ya “qeysəriyyə” əməliyyatıdır.

Amma bəzən göstəriş olmasa belə, ana əməliyyatla doğmaq istəyir.

 

Kesar əməliyyatını qadın özü istəyirsə?

Əməliyyatla doğuş istəyən qadınlar iki tip olur:

Qadının yaşı bəzən ön plana çıxa bilər. Məsələn, 40 yaşında bir xanım karyerasını qurub, öz ixtisasında zirvəyə çatıb, elmi, yaxud sosial dərəcəsi var. İndi hamilədir və bunun sonuncu olmasını (yəni bundan sonra uşaq planlamır) istəyir. Ona görə 10-12 saat sancı çəkmək istəmir, planlı şəkildə uşağını qucağına alıb rahat evinə getmək arzusundadır.

Bir çox inkişaf etmiş ölkələrdə bu yolverilən haldır, çünki birinci və sonuncu əməliyyatdır.  Axı kesar kəsiyi varsa, ikinci birincidən, üçüncü ikincidən, dördüncü üçüncüdən fəsadlı olur.

İkinci tipə təbii doğuşdan qorxan, cərrahi əməliyyatla doğmağı özü istəyən xanımlar daxildir. İstəyir rahat olsun; gözünü açsın-bağlasın, uşağını qucağına versinlər. Yenə də qeyd edək ki, inkişaf etmiş ölkələrdə  qadın özü əməliyyatla doğmaq istəyirsə, kimsə onu təbii doğuşa məcbur edə bilməz. Anaya təbii doğuşun üstünlükləri haqda məlumat verilir, amma istəməzsə, vadar edilmir. Çünki bu, qadının bir insan olaraq haqqıdır.

Azərbaycanda tibbi göstəriş olmadan xanımın öz istəyi ilə əməliyyatla doğuşa icazə verilmir. Hazırda bu barədə müzakirələr gedir, ola bilər ki, qaydalar dəyişsin. 

Doğuş bir fizioloji prosesdir. Bunun ziyanı və ya xeyrindən danışmaq doğru sayılmaz. Həkim olaraq təbii doğuşun ön planda tutulmasının tərəfdarıyıq. Həm uşaq, həm də ana üçün daha faydalı və az təhlükəli olan üsul kimi bilirik və bu barədə anaya məlumat vermək həkim olaraq borcumuzdur.hamile stolda

Amma təbii doğuş da travmatik ola bilər; nəticədə – uşaqlığın sallanması, sidiyi, nəcisi tuta bilməmək, aralıq cırılmaları, hətta ananı ölümə aparan qanaxma ola bilər. Bir xanım hamiləliyə qərar verirsə, hamiləliyin özüylə bərabər gətirdiyi müəyyən risklərini də qəbul etmiş hesab olunur.

Əməliyyatla doğuş daha təhlükəli hesab edilir, amma son anda həm uşağı, həm ananı əməliyyatla xilas edə bilirik. Yəni hər iki doğuş növünün riskləri az deyil. Biz çalışmalıyıq ki, xəstəyə uyğun olanı edək. Bu, bütün dünyada belədir.

Əməliyyatla doğuşa meyl hardandır?

Çox səbəb var. Ana özünü psixoloji hazır hesab etmir. Əməliyyatın mümkün olduğunu indi hamı bilir və bəziləri əməliyyatı seçir.

Əsas səbəb ailələrin az və rahat yolla uşaq istəməsidir. Əvvəllər ailələrdə 6-7 uşaq olurdu. Əməliyyatla bu qədər uşağı dünyaya gətirmək anaya aid riskləri də artırar.

İndi qadınlar daha gec ailə qurur. Bu gün qadının məqsədi təkcə uşaq böyütmək deyil. Qadın işləyir, karyerasını qurur, sonra ailə həyatını qurur. Yaş çox olanda bir uşaqla kifayətlənir, bu halda əməliyyata üstünlük verir.

İndiki ailələrin həyatdan istəkləri dəyişib. Texnologiya inkişaf edib, insan daha çox təhsil alır və həyatdan daha çox şey istəyir. Valideynlərin çoxu bir-iki lakin təhsilli uşaq böyütmək, bu uşağa çox şey vermək arzusundadır.emeliyyat-dogush

Kesar təbii doğuşdan ucuz olmalıdır

Əslində Azərbaycandan fərqli olaraq dünyanın bəzi ölkələrində təbii doğuşun qiyməti əməliyyatla doğuşun qiymətindən artıqdır. Çünki, həkim ananın sancısı tutduğu vaxtda, gecənin yarısı, saat 3-4-də çağrılır, isti yatağından durub bu çətin prosesin başında dayanmalıdır. Əməliyyat isə əvvəldən planlanır, daha tez başa çatır və zamanı həkimin özü planlaşdırır.

Onda əməliyyatın bahalığının səbəbi nədir?

Azərbaycanda ginekoloqlar arasında əməliyyatı icra edə bilənlərin sayı ümumi ginekoloqların sayından azdır. Bütün ginekoloqlar əməliyyat apara bilsəydi, yəqin ki, qiymətdəki nisbət də dəyişərdi. Ən azı eyni qiymətə olardı. Onda xalq arasındakı bu narazılıq, yəni həkimin pula görə əməliyyat etməsiylə bağlı səhv fikir də olmazdı.

Share Button

2 şərh Kesar əməliyyatı niyə bahadır? Kesara meylin səbəbi… üçün

  1. Bir qadın əgər 3 dəfə keser əməliyyatı ilə doğuş keçiribsə, onun dördüncü dəfə keser ilə əməliyyat keçirməsi riskli əməliyyat sayılırmı ?

Bir cavab yazın