loading...

Kesar əməliyyatın 7 zərəri… və əlbəttə, xeyri haqda

Share Button

Təbii (vaginal) yolla doğuşu mümkün olmayan və ya bu doğuş üçün tibbi əks göstərişi olan xanımlara cərrahi əməliyyat təyin olunur; uşağı çıxarmaq üçün qarnın ön divarı və uşaqlıq divarı kəsilərək döl azad edilir. Bu əməliyyatın terminologiyası latın dilindən “cesarean-kesar” olaraq bilinib və Yuliy Sezarın adı ilə əlaqələndirilsə də, tibb tarixi bunun doğru olmadığını sübut edir. Bəzi məlumatlara görə Yuliy Sezar məhz bu prosedurla dünyaya gəlib. Amma onun yaşadığı dövrdə bu cür əməliyyatlar ananın ölümünə səbəb olurdu (antibiotiklər və sterilizasiya yox idi). Y.Sezarın səyahətlərində anası Aureliyanın yanında olduğunu göstərən tarixi faktlar bu nəzəriyyəni təkzib edir.qeyseriyye

Cərrahi doğuşun adı latın dilində “caedare” (kəsmək) və “section” (hissə) sözlərindən götürülüb. Azərbaycanca “kesar” və ya “qeysəriyyə” əməliyyatı kimi işlənir.

Bunları www.bala.az-a mama-ginekoloq, Uzm. Dr. Turab Canbaxışov danışıb.

Kesar əməliyyatının nə xeyri var, nə vaxt ehtiyac olur?

turab canbaxishovNə vaxt göstəriş olur desək, daha doğru olar.

Göstərişlər dölə və ya anaya aid ola bilər. Normal yolla doğuş mümkün olmazsa, normal doğuş zamanı ananın və dölün sağlamlığına bir təhlükə ehtimalı olarsa, cərrahi müdaxiləyə keçirik. Misal üçün, dölün ürək qüsuru, gəliş və ya duruş qüsuru, beyin və başqa orqanlarda problem ola bilər.

Bəzən də anada problem olur: gözündə, belində, ürəyində ya da doğuş kanalında… Adətən, anada çıxış kanalı dardırsa—dar çanaqdırsa (müayinə zamanı uşağın təxmini çəkisi bilinir, çanaqla müqayisə olunur), ya da genital bölgənin infeksion xəstəlikləri, viruslar olursa, ananın doğuş yolunda fibromiyomalar varsa, ya da dölün cifti aşağıda yerləşibsə (“cift gəlişi”), doğuş yolunu bağlayırsa, əməliyyat çıxış yoludur. Çünki uşaqlıq boynu və ya yolu bağlandıqda dölün ordan çıxması mümkün olmur. Bu hallarda qadın sancı çəkər, çəkər… arzuolunmaz nəticə ilə üzləşərik. Güclü qanaxma olar, döl tələf olar, ananın həyatı təhlükə altında qalar.

Uyğun həkimlərlə-kardioloq, oftalmoloq və s. ilə məsləhətləşib qərar verməli oluruq. Təbii doğuşun fəsadlı olacağını proqnozaşdıraraq ananın və dölün sağlamlına zərər vermədən cərrahi yolla ailəyə sağlam övlad verməyə çalışırıq.kesar emeliyyatindan foto

Göbək ciyəsinin dolanması necə?

Bu hal əməliyyat üçün göstəriş deyil. Göbək ciyəsi dolaşsa da, normal doğuş mümkündür. Ultrasəs müayinəsi zamanı cift dolaşdığını görüb əməliyyata alınan hamilə xanımlar olur, amma bu səhv addımdır. Həkim hətta bir neçə dəfə ciyəsi dolanmış hamiləliyi sonuna qədər izləyə və doğuşu xüsusi nəzarətlə (daimi kardiotokoqraf izləmə) normal yolla həyata keçirə bilər.

Doğuş prosesi zamanı bu və ya digər səbəbdən problem yaranarsa, əlbəttə ki, cərrahi müdaxilə vacibdir.Təbii doğuşa buraxılan hamilələrin 90%-i normal doğuşu keçirir. 10%-də doğuş prosesində qərarımızı dəyişməli oluruq.

Məsələn, döl doğuş kanalında qala bilər, çıxa bilməzsə, təcili əməliyyata keçirilir. Yaxud doğuşdan əvvəl hər şey qaydasında olsa da, doğuş prosesində döllə əlaqəli problem yarana bilər. Axı doğuşun özü döl üçün oksigen travmasıdır, hər sancıda dölə gedən qan azalır. Dölün “müvəqqəti oksigen azalmasına müqaviməti” deyilən bir xüsusiyyəti olur, yetərlidirsə döl rahat doğulur. Əks halda dölün ürək döyüntüsü azalır (bradikardiya) və əgər bu hal bir neçə dəfə təkrarlanlırsa, təcili əməliyyata keçirik.

Yəni hər normal doğuş bir “səhnədir” və bu səhnənin arxasında bir əməliyyat dayana bilər. Həkimlərin məqsədi burda əməliyyatla doğuş və ya normal yolla doğuşu icra etmək deyil, sağlam ananın qucağına sağlam övlad verməkdir.

 Kesar əməliyyatının 7 ziyanı…kesar emeliyyati ushaq fotosu

1. Təbii doğuşdan sonra ikinci doğuş daha rahat olur. Amma kesar əməliyyatının ikincisi birincisindən, üçüncüsü ikincidən, dördüncüsü üçüncüdən çətin ola bilər.

2. Normal doğuşda uşaq doğuş kanalından keçərək çıxır və bu zaman sıxıldığı üçün ağciyərindəki maye çıxır, uşaq nəfəs yolları açıq şəkildə doğulur. Əməliyyat olarsa, uşağın ciyərində maye qaldığı üçün müdaxilə ehtimalı var.

3. Təbii doğuş zamanı sancıların başlaması ilə bütün orqanizmdə fizioloji proseslər başlayır, ananın südü vaxtında gəlir. Əməliyyat isə bu prosesi sona çatdırmağa imkan vermədiyi üçün südün gəlməsi bir az gecikə bilər.

4. Hər bir əməliyyatın fəsadı ola bilər. Bu əməliyyatda da qarın boşluğu açılır, sonra bitişmələr, çapıqlar əmələ gələ bilər. İkinci hamiləlik zamanı döl çapıq nöqtəsinə tutunarsa ciddi problem yaranar, hətta vaxtında müdaxilə edilməzsə, və hamiləlik nəzarətsiz davam edərsə, ananın həyatı təhlükə altında qalar.

5. Birinci doğuş əməliyyatla olubsa, ikinci hamiləliyə qədər təxminən 2 il keçməlidir.

6. Birinci doğuş əməliyyatla olubsa, ikinci doğuş təbii ola bilər, amma risklidir.

7. Qanaxma 2 dəfə artıq olur. Normal doğuşda qan itkisi təxminən 500 ml-dirsə, əməliyyatda bir litrə qədər qan itkisi normal hesab edilir.

Normal doğuşun da fəsadı ola bilər

ushaq betnden chixmaq isteyendeDoğuş bir fizioloji prosesdir. Bunun ziyanı və ya xeyrindən danışmaq doğru sayılmaz. Bir xanım hamiləliyə qərar verirsə, hamiləliyin özüylə bərabər gətirdiyi müəyyən riskləri də qəbul etmiş hesab olunur.

Məsələn, doğuşdan sonra uşaqlığın atoniyası (yığılmaması səbəbindən) olarsa, ananı ölümə belə aparan ciddi miqdarda qan itkisi ola bilər.

Təbii doğuşda da travmalar ola bilər; uşaqlığın sallanması, sidiyi, nəcisi tuta bilməmə, cırılmalar, hətta ananın ölümünə yol açan fəsadlar ola bilər.

Yəni hər iki doğuş növünün uyğun riskləri var. Biz çalışmalıyıq ki, xəstəyə uyğun olanı edək. Həkim olaraq təbii doğuşun daha fizioloji və daha az təhlükəli olduğunu qəbul edirik. Uyğun olan xəstələrimizə məhz normal yolla doğuşu məsləhət görürük. Ancaq bəzən tibbi göstərişlərə əsasən, cərrahi yolla da doğuşu icra edirik. Əsas doğru tibbi göstərişlə doğru müdaxilə edib ailəyə sevinc verməkdir.

Share Button

1 şərh Kesar əməliyyatın 7 zərəri… və əlbəttə, xeyri haqda üçün

  1. Flora dedi:

    Allah heç uşaqi anasiz qoymasin.bezen uşaq gelerken anani alir ezrail.Allah hamiya komek olsun.9 ay sebirsizlikle balasinin gelişini gozleyen analara övladlarini gormeyi qismet edsin Allahim

Bir cavab yazın