loading...

Məktəblini sərbəstliyə alışdırmağın ən yaxşı yolu

Share Button

Uşaq dərslərini vaxtında hazırlamır? Dərslərini özü, sizin köməyiniz olmadan edə bilmir? Çantasını sərbəst yığmır, nəyisə unudur? Paltarlarını toplamır?

yorgun oglan

Siz tək deyilsiniz. Məktəbli uşaqların çoxu buna meyllidir, amma bunun öhdəsindən gəlmək olar!
Əvvəla uşaqların nəyisə unutması, səliqəsizliyi normaldır. Səliqəyə, nizam-intizama, məsuliyyətə alışmaq üçün uşaqlara 3 şey lazımdır:

Vaxt, kömək və etibar!

Təəssüf ki, valideynlər bəzən “köməyi” uşağın məsuliyyətdən azad olunması kimi başa düşür. “Paltarını qatlamağı bacarmırsa (əminsiz?) mən qatlayım, çantasını yığmağı çatdırmırsa (kim deyir ki?) mən yığım,” deyə məsuliyyəti öz üzərimizə götürürük. Bu isə məsələnin ən asan, amma ən xeyirsiz həlli yoludur. Nəticədə 1-cisi öz işini özü görə bilməyən, öhdəlikləri ilə bacarmayan, 2-cisi bunu anladığı üçün özünü asılı, bacarıqsız hiss edən, 3-cüsü özünə güvənə bilməyən və buna görə məsuliyyəti həmişə başqasının üstünə atan insan yetişir.

Uşaqların rahatlığı onların özünə güvənməsindən çox asılıdır. Bunun üçün nə etməliyik?

Əvvəl problemin səbəbini tapaq

Uşaqların unutqanlığı, məsuliyyətsizliyi valideynlərin xasiyyətindən, ailədə, həm də məktəbdə vəziyyətdən, münasibətlərdən, uşağın əhvalından və yaşından asılıdır.

Uşaq başqa şeylərdə olduğu kimi məsuliyyətsizlikdə də, səliqə-səhmanda da valideynə oxşaya bilər. İlk növbədə biz valideynlər məsuliyyətli olmalıyıq, çünki onlar bizdən nümunə götürürlər.

qizina yardim eden anaHimayədar valideyn yuxarıda dediyimiz kimi hər şeyi öz öhdəsinə götürür. Həddən artıq diqqətli olması ilə fəxr edən, uşağının bacarmayacağından qorxub hər şeyi özü edən ana bir neçə ildən sonra səliqəsiz və məsuliyyətsiz uşağından şikayət etməyə başlayır. Uşağın müstəqil olmağını istəyən ata və ana hiperhimayədən çəkinməli, amma həm də uşağı köməksiz qoymamalıdır.

Bəzi valideynlər ya məcburiyyətdən (bütün gün işdə olur, uzun müddət xəstə yatır və s.) kənarda qalır, yaxud uşağın asılı olacağından qorxaraq ona heç nədə yardım etməməyi üstün tuturlar. Amma “qızıl orta”nı tapmaq çox vacibdir. Heç bir yol göstərilməyən, kömək, diqqət görməyən uşaq da sevilmədiyini düşünüb özünə inamı itirər.

Səbirsiz olub geri çəkilməyin, tələbkar olun. Tələbinizin yerinə yetirilməsinə səbirlə, uşağa anlayışla yanaşaraq, bütün mümkün yolları axtararaq nail olun. Məsələn, dərslərini vaxtında hazırlamır və sizin əmrlərinizi gözləyir? Uşağa təklif edin, özünə gündəlik cədvəl tərtib etsin. Cədvələ riayət etməyi onun öz öhdəsinə buraxın-etimad göstərin.

Uşağın tam sərbəst olmaq, öz işlərinə məsuliyyətlə yanaşmaq vərdişinə yiyələnməsi bəzən 14-15 yaşa qədər çəkir və bu, normaldır. Həm də axı hər şeyə birdən nail olmaq mümkün deyil. Əvvəlcə tapşırıqların vaxtında yerinə yetirilməsinə nail oldunuz? “Əla! Gör nə qədər vaxtın qaldı? İndi nə qədər istəyirsən istirahət edə bilərsən!” deyib, onu həvəsləndirin və başqa məsələnin həllinə keçin.

Həddən artıq tələbkar valideyn uşağı təşvişə sala bilər. “Niyə vaxtında hazır ola bilmirsən?” “Niyə kitabını həmişə evdə qoyursan?” “Sən niyə belə pintisən?!” kimi tələbkar, ittiham dolu suallar uşaqda özünə inamı itirir. Ən pisi odur ki, uşaqlar tənqidlərimizi yaddaşa atır və gələcəkdə özlərinə qarşı silaha çevirirlər.

yorgun mektebliUnutmayın ki, hər uşağın öz hərəkət sürəti var. Əgər məktəbə hazırlaşmaq üçün qızınıza 10 dəqiqə, oğlunuza yarım saat lazımdırsa, onu yarım saat tez oyadın və tələsdirməyin, dəqiqəbaşı “çantanı yığ, getməliyik” deməyin. Bir dəfə demisinizsə, işinizin dalınca gedə bilərsiniz. Bununla siz onun çantanı yığa biləcəyinə inandığınızı göstərərsiniz və bu onu qürurlandırar.

Kitabını tez-tez unudursa, çantanı yığmağın yolunu öyrətməklə kömək edin. (Məsələn, “Gəl gündəliyə baxaq, sıra ilə yığaq”, ya da, “Hər dərsini bitirən kimi dəftər-kitabını çantana qoy, vəssalam!”) Yaxud çantanı yığmaq prosesini oyuna çevirə bilərsiniz. Alınmasa belə, anlayışla yanaşın, səhv etmək insana xasdır.

Uşağa səhvinin nəticəsi ilə üzləşmək imkanı verək

chantasini yigan oglanSöhbət çanta yığmaqdan getdisə, davam edək:

Uşağa növbəti dəfə “çantanı yığ” deyib, uzaqlaşırsınız. Tələsməyin, vaxtetibar haqda oxuduqlarınızı xatırlayıb gözləyin. Ola bilər uşaq bu işə yarım saatdan çox vaxt sərf edər, hətta ikinci dərsə gedib çıxar. Nəticə hər ikinizi gərginləşdirəcək; o ağlayır, siz isə qəzəbdən “partlamaq” istəyirsiniz?

Gəlin özümüzü idarə edək və sual verək: Mən niyə qəzəbliyəm? Yəqin ki, uşaq dərsə gecikdiyi üçün narahatsınız. Elə uşaq da narahatdır! Onda gəlin hisslərimizi gizlətməyək və birlikdə yol axtaraq: “İndi səncə neyləyək?” “Əsas odur ki, özün yığışdın. Bu işin öhdəsindən gəldinsə, gecikmək problemini də həll edəcəksən. Bu günsə…”

Ən çətin halda müəllimlə danışa, ya da məktəbin qapısı bağlı olduğu üçün qayıda bilərsiz. Beləliklə siz uşaqla eyni mövqedə dayanıb, onun dərdinə şərik olursunuz, həm də onu danlamır, özünə inamına toxunmursunuz. Nəticə özü uşağa dərs verəcək və inanın ki, bundan sonra o özü vaxtını elə böləcək ki, gecikməyəcək.

Bu proses davamlı şəkildə, günlərlə təkrarlana bilər, sonda siz mütləq müsbət nəticə əldə edəcəksiniz və bu zaman uşağa onunla fəxr etdiyinizi bildirməyi unutmayın! Müsbət nəticəni göstərməklə siz onda özünə inam, nizam-intizama həvəs yaradarsınız.

atasi ile oyrenen mektebli

Unutmayın ki, uşağa yalnız öhdəsindən gələ biləcəyi və mümkün qədər sevdiyi işi tapşırmalıyıq.

Məsələnin həlli yolunu əvvəl uşağın özündən soruşaq!

“Səncə tez oyanmaq üçün neyləmək olar? Bəlkə daha tez yatasan? Ya da saatı qurub, zənginə oyanasan?” Bununla siz yenə də onda özünə hörmət hissini formalaşdırmış olursunuz.

xoshbext ana ogulİlk cəhdin qarşısı nəinki alınmamalı, uşaq həvəsləndirilməli, təriflənməlidir. 8 yaşlı oğlunuz paltarlarını yerə töküb ki, öz istədiyi kimi yığsın? Əsəbləşməyin, danlamayın, bunu sakit qarşılayın, axı bu yalnız tərifəlayiq hərəkətdir; o, öz işini özü görmək, sizi daha bir qayğıdan azad etmək istəyib. Gərəkdirsə, yardım edin. Sonra evi birlikdə yığışdırdığınız üçün hər yerin necə də təmiz olduğunu deyib, onunla fəxr etdiyinizi bildirin.

Elə məsələlər var ki, güzəştə getmək lazım gəlir. Məsələn, yeniyetmənin otağını sizin istədiyiniz qədər səliqəli saxlaması çox vaxt mümkün olmur. Çünki yeniyetmələr əşyalarının yerini dəyişmək istəmir və onların bu istəyini normal qarşılamaq lazımdır.

Unutmayın ki, hər bir uşaq özünəməxsusdur. Bir uşağın 10 yaşında bacardığını o biri 13 yaşında bacara bilər. Bir uşağa təsir edən üsul o biri uşaqla effekt verməyə bilər. Biz valideynlər yaradıcı olmalı, balamızın qəlbinə yaxın yolu tapmalıyıq.

Share Button

1 şərh Məktəblini sərbəstliyə alışdırmağın ən yaxşı yolu üçün

  1. Sharqiyya Habibova dedi:

    Çox gözəl məlumatdır

Bir cavab yazın