loading...

Uşağa ayaqqabı alanda

Share Button

Uşaq ayaqqabısının ölçüsü, forması, materialı və rəngi

Ortopedik ayaqqabı vacibdirmi?

Uşaq nə qədər körpə olur-olsun, yerisə də, yeriməsə də, onu geyindirib çıxardanda ayağına ayaqqabı da taxmaq istəyirik. Axı ayaqqabısız uşağın əynində nəyinsə çatmadığı o dəqiqə hiss olunur. Ona görə də balanıza ayaqqabı almaq istəyiniz təbiidir. Ancaq seçim edəndə bəzi şeyləri nəzərə almaq vacibdir.

korpe ve ayaqqabi

Hər şeydən əvvəl bilməliyik, ayaqqabının iki məqsədi var: pəncəni zədələrdən qorumaq və isti saxlamaq. Bu o deməkdir ki, bəzək, qiymət, brend—bütün bunlar boş şeydir. Əsas keyfiyyətdir və keyfiyyətin qiymətə dəxli yoxdur, bəzən tanınmış markalar da keyfiyyətsiz ayaqqabılar istehsal edirlər.

 Uşaq ayaqqabısının ölçüsü

Uşağın ayaqqabısı ayağına böyük olmalıdır. Amma cəmi 0,5-1 sm böyük! Uşaq ayağının ölçüsü 2 yaşa qədər hər 3 aydan bir dəyişir. Ayaqqabı həm eninə, həm də uzununa geniş olmalıdır ki, körpə barmaqlarını rahat tərpədə bilsin (bu, ayağın inkişafı üçün vacibdir), yeriyən uşaq qaçanda ayaqları tərləməsin.

ayaqqabi sechende

Uşağa ayaqqabı alanda internet-mağazalara etibar etməyin, çünki ayaqqabını körpənin ayağında ölçmək vacibdir. Uşağı özünüzlə götürə bilmirsinizsə, onun ayağını kartonun üstünə qoyub, qələmlə şəklini çəkə bilərsiniz. Ancaq körpənizin ayağının üstü çox ətlidirsə, ayaqqabını ona yalnız geyindirəndən sonra almalı olacaqsınız.

Ayaqqabının ölçüsünü yoxlayanda barmağınızı ayaqqabının içinə salmayın, uşaq barmaqlarını yığa bilər, bu isə sizi çaşdırar. Ayaqqabıya üstdən və yanlardan toxunaraq uşağın barmaqları ilə ayaqabının kənarları arasında yer qalıb-qalmadığını müəyyən edin (barmağınızın eni qədər yer qalmalıdır). Ayaqqabını ölçəndə uşağı ayaq üstdə tutun, dayanada uşağın ayağının ölçüsü daha böyük olur, nəinki uzananda, ya da oturanda.

Uşağa indi də, böyüyəndə də balaca ayaqqabı geyindirməyin. Çox böyük ayaqqabı da zərərlidir, uşağın yerişinə, pəncəsinin formasına təsir edir.

  Ayaqqabının forması

Körpə üçün zərif və yumşaq ayaqqabı seçin, o qədər yumşaq olsun ki, ona toxunanda körpənizin barmaqlarını hiss edəsiniz. Uzunboğaz çəkmə körpəyə, eləcə də yeriyən uşağa yaramır. Ayaqqabının boğazı pəncənin hərəkətinə mane olur.

ushaga duzgun ayaqqabiUşaq yeriyirsə, mütləq dabanlı ayaqqabı almalısınız. Yəni ayaqqabının daban hissəsinin qalınlığı pəncə ilə müqayisədə çox olmalıdır. 0,5-1,5mm-lik altlıq vacibdir ki, uşaq yıxılmasın, zədələnməsin. Həm də ayağının ucunda gəzən uşaq belə ayaqqabı ilə yeriyəndə yerişi düzəlir.

Yeriyən uşaqlar üçün nəzərdə tutulmuş ayaqabının dabanı və ucu bərk olmalıdır ki, uşaq ayağını harasa vuranda incitməsin.

Ümumiyyətlə, 3-4 yaşına qədər uşaqlara arxası azca hündür, dabanı örtülü, üstü qaytanlı, ya da yapışan bağlı (bunları ayağın ölçüsünə, formasına uyğun bağlamaq olur) ayaqqabı məsləhət görülür. İstidirsə, yenə belə, amma ucu açıq, ya da üstü deşikli ayaqqabı ala bilərsiniz.

Material

Çox körpə uşaqlar üçün nəzərdə tutulmuş ayaqqabıların həm içi, həm də üzü təbii materiallardan—parça, dəri, yaxud xəzdən olmalıdır.ushaq ayaqqabisi qurbaga

2 yaşına çatmamış uşağa süni materiallardan, rezin və plastikdən hazırlanmış ayaqqabı geyindirmək olmaz. Uşağın orqanizmi həssasdır, ekoloji dəyişikliyə tez reaksiya verir, allergik reaksiyalara meylli olur. 2 yaşdan sonra uşağa üzü süni materialdan hazırlanmış ayaqqabı geyindirmək olar, amma ayaqqabının içi yenə də təbii materialdan olmalıdır.  Altlığın yumşaq olması vacibdir.

Evdə körpəyə ipdən toxunmuş papış geyindirmək olar, amma elə ki uşaq yeriməyə başladı, papışları atın, onlar uşağı sürüşdürər, yeriyəndə onun barmaqlarını rahat hərəkət etdirməsinə mane olar. Yumşaq materialdan hazırlanmış, altlıqlı corablardan istifadə edə bilərsiniz. İstidirsə, uşağa corab da lazım deyil. Körpə uşaq yalın ayaqla gəzməlidir.

Rəng

Uşaqlar üçün nəzərdə tutulmuş hər şey rəngli olsa yaxşıdır. Qoy körpəniz dünyanın bütün rənglərinə alışsın, dünyanı rəngli görsün. Başqa əşyaları kimi ayaqqabısının da rəngi məhz uşağın xoşuna gəlməlidir. Belə olarsa, uşaq ayaqqabısını sevə-sevə geyinər, sərbəst geyinməyə can atar, qaytanları bağlamağı tez öyrənər. Ayaqqabının bağlarıyla oynamaq uşağın əl hərəkətlərini inkişaf etdirir, beynin fəaliyyətinə müsbət təsir edir.ozu geyinen ushaq

Ortopedik ayaqqabı lazımdırmi?

Uşağın ayağı sağlamdırsa və uşaq normal yeriyirsə, ortopedik ayaqqabıya ehtiyac yoxdur. Ortopedik ayaqqabı pəncənin altında, ya da pəncəylə baldırın birləşdiyi yerdə problem olanda sifariş edilir. Yəni bunun üçün ciddi tibbi göstəriş olmalıdır.

Share Button

Bir cavab yazın