loading...

Uşağa cinsiyyəti və onu qorumaq haqda məlumatı nə vaxt, necə verməliyik?

Share Button

Suallarımıza psixoloq/konsultant Fəridə Abbasova cavab verir.

Cinsiyyəti, cinsiyyət orqanını qorumaq haqda uşağa nə vaxt məlumat verməliyik?

Feride Abbasova psixoloqKonkret vaxt yoxdur. Deyək 3 yaşında, ya 15 yaşında…yoxdur konkret yaş. Birincisi, bu uşağın individual xüsusiyyətlərindən çox asılıdır.

Bəzən uşaqlar öz cinsiyyət orqanlarına çox erkən yaşda fikir verməyə başlayırlar. Bu, əsasən uşaqla ana arasında rabitənin itməsiylə bağlı olur və bu rabitəni uşaq öz cinsiyyət orqanına transfarmasiya edir. Niyə? Baxın, əgər mənim valideynimlə-anamala düzgün rabitəm varsa, bu məndə “təhlükəsiz zona” formalaşdırır. Yəni “mən təhlükəsizlikdəyəm”.

Mühüm dövrlər var: doğulandan 3 aya qədərki dövr, 3 aydan 8 aya qədərki dövr və 8 aydan 3 yaşa qədərki dövrdə “təhlükəsiz zona” inkişaf edir. Əgər anamız yaxşıdırsa, bizə həmişə diqqətli olubsa, bizi anlayıbsa–axı uşaq danışmasa da, dərisiylə-toxunuşla, gözlərlə, səsiylə (ağlamaqla) ünsiyyətdə olur—təhlükəsiz zona yaranır. Yəni mən uşaq anamın qucağında olmaq istədim, anam məni yedirtməyə başladı, artıq ünsiyyət düzgün olmur, “anam məni anlamır”. Yaxud mən qaranlıqdan qorxuram, anam həmişə işığı söndürür. Burda ünsiyyət qırılır. Uşaq tez böyüməyə başlayır, bu yalançı böyümədir. Bu halda uşaq hətta 5 yaşında cinsiyyət orqanına necə toxunmalı olduğunu bilər, ehtiraslanmağı bacarar. Bu o demək deyil ki, uşaq tez böyüyüb, onda cinsi inkişaf gedib. Bu o deməkdir ki, nəsə çatmır, uşaq çatmayan ünsiyyəti, əlaqəni kompensasiya edir.

Bu, hormonal pozuntunun nəticəsi deyilmi?

Belə fikir var ki, indiki məhsullar, GMO (genetik modifikasiya olunmuş məhsullar) uşaqlarda artıq hormonlar yaradır, seksual inkişafı sürətləndirir. Amma bu sübut olunmayıb. Deyək ki, 10 il ərzində GMO-dan istifadə edən, yaxud etməyən uşaqları müşahidə ediblər, nəticələr nə isə göstərib və s. Yoxdur belə araşdırma. Bu sadəcə nəzəriyyələrdən biridir. Nəzəriyyə isə çoxdur.

Erkən cinsi inkişaf xəstəlikdirmi?

Yox, yaşa uyğun olmayan hal almaybsa, bu xəstəlik deyil. Məsələn, 12 yaşında uşağın cinsi inkişafı, ehtiraslanması normaldır, çünki bu yaşda uşaqda hormonal inkişaf gedə bilər. Amma bu yaşda uşaq üstəlik ehtirasdan özünü döyürsə, bu normal deyil.

Yaşdan asılı deyilsə, uşağa cinsiyyəti haqda hansı halda məlumat verməliyik?

pis-pis eden ushaqUşaqlar özləri cinsi fərqi görməyə başlayırlar. Məsələn, 4 yaşlı oğlan gəlib soruşa bilər ki, ana səndə də “dudu” var? Onda oturub uşaqla danışmaq, şəkil göstərmək, izah etmək olar. Hər bir uşaq özünəməxsusdur və ana öz uşağını tanımalıdır. Uşaq var ki, 8 yaşında belə maraqlanmır cinsiyyətlə. Düzdür bu informasiya onun beynində haradasa olur, amma sosial olaraq möhkəmlənmir.

Uşaqlar var ki, məsələn, 4 yaşlı oğlan öz şəklini çəkir, cinsiyyət orqanını da təsvir edir, yaxud o hissəni şəkildə nə iləsə gizlədir. Yaxud 4 yaşlı qız özünə saç formaları çəkir, anasından niyə lakdan istifadə etmədiyini soruşur. Bu o deməkdir ki, uşaqda cinsi eyniləşdirmə, identifikasiya artıq yaranıb. Bu bəzən təbiətdən gəlir, genetikdir. Ya da valideynin təsiri ilə formalaşır. Məsələn, ana həmişə qəşəng geyinir, özünə baxır, özünü bu pozisiyada vurğulayırsa, yaxud ata tez-tez “kişi belə olar, elə olar” deyir, mesajlar verirsə, sosial fon yaranır və bu fon uşaqda gender rolunu tez formalaşdırır. Uşaq özünün qız, yaxud oğlan olduğunu vurğulayır.

Amma cinsiyyətlə bağlı qadağalar, “olmaz” işləmir. Qadağa başqa nəticələrə səbəb olur. Uşaq bilmək isrtəyirsə, istəyini tez-tez vurğulayırsa, “böyüyəndə bilərsən”, “vaxtı deyil”, “eyibdir”, “utanmalıyıq”, “sənin nəyinə lazımdır bunu bilmək?” kimi ifadələr kömək etmir. Uşaq marağını təmin etmək üçün başqa yol axtarır. Bu gün olmasa, sabah öyrənir. Yəni qadağa sadəcə müvəqqəti maneədir. Əksinə, uşağın marağı ilə gedib ona izah etmək lazımdır. Sadəcə biologiyanı danışmaq lazımdır. Kitab var, internet var, insanın bioloji inkişafı haqda animasiyalar var. Hamımızın əvvəl eyni cür yarandığını, sonra necə fərqləndiyini elmi şəkildə izah edə bilərik.

Ya sual verəndə, marağı hiss edəndə, yaxud ehtiyat üçün, ya da uşaqla bu barədə söhbətiniz düşəndə izah edirsən ki, məsələn, “bu uşaq qızdır, sizin aranızda cinsi fərq var və bu fərqə görə gözləntilər də fərqlidir, qızlar elə etmir, belə edir” və s.

Bəzən ana bu barədə uşaqla danışmaq istəmir, valideynlə uşaq arasında kommunikasiya niyə olmur?

ders-oxudan-anaAna uşağı ilə danışa bilmirsə bu barədə mütəxəssisə müraciət edə bilər. İnformasiyanı uşağa heç bir emosional rəng qatmadan, daha təhlükəsiz şəkildə çatdırmaq lazımdır. Çünki uşaqlar informasiyanın özünü yox, informasiyaya “yapışdırılanı” yadda saxlayırlar. Ana hirslənərək, ağlayaraq danışırsa, uşaq sözləri eşitməkdən çox gördüyünü “oxuyur”.

Ümumiyyətlə uşaqlar açıqdır. Amma valideynlərin öz qorxuları, şablonları var və onlar neyləsələr də, bu şablonları özləri ilə gəzdirirlər. Təəssüf ki, indiki valideynlərin informasiyası çox olmayıb. Onlar ananın, xalanın və s dediyi əsasında yaranan qadağa və şablonlarla formalaşıbsa, deyir, mən cinsiyyət haqda uşağımla danışa bilmərəm. Yəni valideynin özünün uşaqlıqdan üstün gələ bilmədiyi qadağa var. Halbuki biz uşağa gələcəkdə ona mane olacaq qadağalara üstün gəlməyi öyrətməliyik. Öz şablonları olan valideyn uşağı necə öyrədə bilər?

Bir sözlə cinsiyyəti barədə uşaqla danışmağın konkret zamanı, yaş həddi yoxdur. Düzgün olan-olmayan yoxdur. Bu çox individual məsələdir, uşağın marağından, məlumatlılığından asılıdır. Eyni zamanda biz öz məhdudiyyətlərimizi bilməliyik. Əgər ana özü uşaq vaxtı qardaşı və ya atasının cinsiyyət orqanı ilə maraqlananda ağzının üstündən vurublarsa və ana həmin xətlə gedirsə, bu ananın uşağa izahat verməsi, yaxud düzgün prizmadan izahat verməsi çətin məsələdir.

Cinsiyyətin qorunması barədə necə?

Bu mütləq lazımdır! Uşaq məlumatlandırılmalıdır ki, nə isə olarsa valideynə desin. Uşaq bu haqda valideynə mütləq danışmalıdır.

ana-bala mehribanBirincisi, ana ilə uşaq arasında düzgün rabitə, etibar varsa, uşaq anasına hər şeyi deyir. Rabitə, etibar yoxdursa, qorxu varsa, uşaq anaya heç zorlandığını da deməz. Ya ona hirslənəcəyini düşünər, ya da valideynlərinin onu xilas edəcəyinə inanmaz. Yəni qorunmanın əsasında əvvəldən başlayan etibarlı münasibət dayanır. İlk gündən, hər addımda uşaqda etibar yaradılmalıdır. Belə olarsa, münasibətlər normaldırsa, hansısa toxunuşun normal olmadığını uşaq özü anlayar. Valideyniylə onun arasındakı “təhlükəsiz zonaya” müdaxiləni uşaq özü hiss edər.

Uşaqla söhbət edirsinizsə, intim yerləri izah edirsinizsə, ona kiminsə toxunmamalı olduğunu da deyirsiz.

Bu barədə internetdə də kifayət qədər məlumat var.

Share Button

Bir cavab yazın