loading...

Uşağı sərbəstliyə alışdırmağın 3 sirri

Share Button

Sərbəstlik özünə inam deməkdir

Uşağı sərbəstiyə mümkün qədər erkən yaşından öyrətmək lazımdır. Bu, uşaqların rahatlığı, gələcəkdə, yetkin insan olanda da öz öhdəliklərini özlərinin yerinə yetirə bilməsi üçün çox vacibdir.

yemek yeyen qizcigazUşaq nəyi isə sərbəst edəndə 1-cisi öz işini özü görə bildiyini, öhdəlik və məsuliyyət götürməyi bacardığını anlayır; 2-cisi bunu anladığı üçün özünü asılı yox, sərbəst və yararlı hiss edir; 3-cüsü işi ona etibar etdiyimiz üçün özünə güvənir. Özünə inam hissi uşaqların, böyüklü-kiçikli bütün insanların rahatlığı üçün mühüm şərtdir. Etiraf edək ki, özünə inamı olmayan insana, eləcə də uşağa həyat olduğundan çətin görünə bilər.

Uşaqların nəyisə bacarmaması tam normaldır. Səliqəyə, nizam-intizama, məsuliyyətə alışmaq üçün uşaqlara 3 şey lazımdır:

Vaxt, kömək və etibar!

Hər bir uşağın yaş dövrünə görə bacardığı və bacarmadığı şeylər var. Biz onlara yalnız öhdəsindən gələ biləcəkləri və mümkün qədər sevdikləri işi həvalə etməliyik. Həm də yavaş-yavaş, birini öyrədəndən sonra o birini tapşırmalıyıq.

serbest qiz3 yaşlı uşaq ləng olsa da, yeməyini özü yeyə, paltarını geyinə bilər. Bacarırsa, “Afərin!” deyib təbrik edin və ona başqa şeyləri də, məsələn, oyuncaqları yerinə yığmağı öyrədin. Əvvəl birlikdə yığmağı təklif edin. Uşaqlar valideynlə birgə iş görməyi çox sevirlər. Bir neçə dəqiqəmizə qıyıb, uşaqla birlikdə yır-yığış etsək, çox şey qazanarıq.

5 yaşlı uşaq oyuncaqlarını yığmağı bacara bilər. Bunu bilirsə, yeməkdən sonra qabları yığışdırmağı öyrədək. Qab qırıldısa, narahat olmayın, ona başa salın ki, səhv etmək insana xasdır. (Təhlükəsizlik qaydalarını izah etməyi unutmayın!) İkinci dəfə uşaq boşqabı daha ehtiyatla qoyacaq. Əsas odur ki, qabı ona ikinci dəfə də etibar edək. Axı uşağın məsuliyyətə alışması qabdan qat-qat dəyərlidir.

 

Təəssüf ki, bəzən valideynlər “köməyi” uşağın məsuliyyətdən azad olunması kimi başa düşür. “Paltarını geyinməyi bacarmırsa (əminsiz?) mən geyindirim, yeməyini yeyə bilmirsə mən yedirim,” deyə məsuliyyəti öz üzərimizə götürürük. Ya da həddən artıq tələbkar valideyn uşağın “pinti”, ya da “ləng” olduğunu deyib çəngəl-qaşığı öz əlinə alır. Bu isə məsələnin ən asan, amma ən xeyirsiz həlli yoludur. Uşaq nə qədər körpə olsa da, valideynin ona etibar etmədiyini anlayar;  bacarmadığını, pinti və ləng biri olduğunu güman edər və özünə inanmaz.

İlk cəhdin qarşısı nəinki alınmamalı, uşaq həvəsləndirilməlidir.

birge ishBalaca yerə su töküb ki, döşəməni silsin? Əsəbləşməyin, danlamayın, bunu sakit qarşılayın, hətta onu tərifləyin. Axı bu doğrudan da dəyərli addımdır! Balanız sizə kömək etmək, evi təmizləmək istəyib, sizdən nümunə götürüb, təmizliyə riayət edir! Ona ağac, yaxud dəsmal verin. Sonra evi birlikdə yığışdırdığınız üçün hər yerin necə də təmiz olduğunu deyib, onunla fəxr etdiyinizi bildirin. (Suyu yerə tökəndə döşəməyə ziyan dəyirsə, bu barədə xoş sözlərdən sonra danışa, narahatlığınızın səbəbini uşağa izah edə bilərsiz)

Uşaq çəngəl-qaşığa yaş yarımına qədər maraq göstərir. Etibar edin–buraxın, özü yesin, yoxsa sonralar imtina edəcək və onu 6-7, hətta 8 yaşına qədər siz yedirtməli olacaqsınız. İndi stolun altına qəzet sala bilərsiniz ki, ətraf çirklənməsin. Uşaq tökə-tökə yeyəcək və tökdüklərini görərək, səliqəli olmağı öyrənəcək. Bu arada körpəniz özü yediyi üçün sevindiyinizi gizlətməyin.

Səliqəli olmağın yolunu uşağın özü ilə birgə tapa bilərsiniz. Oyuncaqlarını hara yığmaq istədiyini uşaqdan soruşmaq olar. Yığmaq istəmirsə, filmə baxandan əvvəl, ya sonra yığmağı təklif edin. Seçim etməklə o özü qərar vermiş olacaq və fikrinə hörməti hiss edəcək. Belə olanda uşaq seçiminə görə məsuliyyəti öz üzərinə götürmüş olur. Bu isə onda özünə hörmət və inam hissi yaradacaq.

Səbirli və tələbkar olun.

dishini firchalayan oglan

Tələbkar olmasanız, uşaqlara bir gün “dişlərinizi özünüz yuyun,” o biri gün “dişlərinizi mən yuyaram” desəniz, müsbət nəticə əldə edə bilməzsiniz. Nizam-intizama davamlı olaraq riayət etməliyik ki, uşaqlar bizdən nümunə götürə bilsinlər.

Uşaqların sərbəstliyə alışması üçün bəzən çox uzun zaman lazım olur. Həm də axı hər uşağın öz sürəti var. Paltarını geyinmək üçün oğlunuza 3 dəqiqə, qızınıza 15 dəqiqə lazımdırsa, qızı daha tez oyada bilərsiniz. Səbirli olmaqla həm uşağa nümunə göstərər, həm onun özünün nəticə ilə üzləşməsinə imkan verərsiniz.

Uşağa nəticə ilə üz-üzə gəlmək imkanı verək 

azad ushaq

Uşaqlara təkrar-təkrar əmrlər verməyin. “Geyin, evdən tez çıxmalıyıq” sözlərini bir dəfə deyin və işinizin dalınca gedin. Bununla siz onun geyinəcəyinə inandığınızı göstərərsiniz və bu onu qürurlandırar. İlk cəhdləriniz uğursuz ola bilər, getdiyiniz yerə gecikərsiniz. Amma bu nəticəni görən uşaq gələn dəfə “evdən tez çıxmalıyıq” cümləsinə daha məsuliyyətllə yanaşar.

Daha bir nümunəyə baxaq:

Balacaya həyətdəki oyuncaqları yığmalı olduğunu, bunun səbəbini izah edirik: “Oyuncaqlarını yığ, yaddan çıxar, qalar, itər və s.”

Amma bunu hər gün demirik və uşağa etibar edərək işi onun öhdəsinə buraxırıq. Biz həyətdə qalan oyuncağa görə narahat oluruq, amma səbirli olmaq, vaxtetimad barədə deyilənləri xatırlayıb gözləyirik. Uşaq özü bir neçə dəqiqədən sonra və ya daha gec oyuncağını xatırlayacaq və qayıdıb götürəcək.

Ola bilər iş-işdən keçib (oyuncağı həyətdə başqa biri götürüb). Çox qəzəblisiniz, uşağı danlamadan sakitləşə bilməzsiniz?

aglayan ushaq anasi ileGəlin özümüzü idarə edək və bir anlığa dayanıb sualı özümüzə verək: mən niyə əsəbiyəm? Yəqin ki, oyuncağın itdiyinə təəssüf edirsiniz. Onda gəlin təəssüfüzü gizlətməyək və balamızla birgə təəssüflənək: “Heyif…Bu sənin çox sevdiyin oyuncaq idi, kaş ki, qoyub getməyəydik…” Bu halda siz həm uşaqla eyni mövqedə dayanaraq, onuna dərdinə şərik olursunuz, həm də onu danlamır, özünə inamına toxunmursunuz.

Uşaq oyuncaqlarını yığışdırmamasının nəticəsini görəndən sonra bunu bir daha təkrar etməyəcək.

Unutmayın ki, hər bir uşaq özünəməxsusdur. Birinin 3 yaşında bacardığı işi o biri uşaq 4 yaşında bacara bilər. Bir uşağa təsir edən üsul o biri uşaqda effekt verməyə bilər.Biz valideyn olaraq balalarımıza yaradıcı yanaşmalı, hər uşağa individual yol tapmalıyıq.

Share Button

Bir cavab yazın