loading...

Uşaq yalan danışanda

Share Button

Balanızın ilk yalanı sizi yəqin ki, məyus edib. Amma nəticə çıxarmağa, ələlxüsus da cəzalandırmağa tələsməyin! Bu heç də o demək deyil ki, uşağınız gələcəkdə böyük bir yalançı olacaq. Uşaqlar həmişə səhv edirlər. Bizim vəzifəmiz onlara nəyin səhv, nəyin düz olduğunu izah etməkdir.

3 yaşına qədər uşaq xeyli sınaqdan keçmiş olur və yalanın onu bəzən xilas etdiyini yəqin ki, anlayıb.

Uşağın yalanının səbəbi çox ola bilər.ushaqyalan

Uşaqlar yalan danışmaqla öz rahatlıqlarını qoruyurlar. Səhvini inkar etməklə,uşaq həm özünü, həm də sizi aldadır. Suyu yerə başqasının tökdüyünü deyir, bununla da anasının gözündə “tərbiyəli”, “səliqəli” olaraq qalır və özü də “səliqəli” olduğuna inanır. Belədirsə, məhz SİZ vəziyyətə münasibətinizi dəyişməlisiniz və elə etməlisiniz ki, uşağınız suyu yerə tökməyin heç də faciə olmadığını bilsin. Axı yaşından asılı olmayaraq hər bir insan həm kiçik, həm də böyük səhvlər edə bilər.

Bəzən uşaq yalan danışıb, özünü məsuliyyətdən azad etmək istəyir. Məsələn, 2 yaş yarımlıq uşaq valideyninin xasiyyətinə yaxşı bələd olur, bilir ki, qələmləri dağıtdığını etiraf etsə, atası qələmləri ona yığdıracaq…

Zəif yaddaşı da uşağı sizin gözünüzdə yalançı edə bilər. Məsələn, qızınız şikayət edir: “qonşu oğlan maşını onun əlindən alır”. Çünki qızınız maşını oğlandan güclə aldığını unudub, qonşu oğlanın öz maşınını geri istədiyini anlamır. Bu halda mübahisənin hardan başladığını izah edin.

Heç bir halda narahat olmayın! Uşaqlar yalan danışıb nə edəcəklər ki? Gələcəkdən qorxub cəza üsulları barədə fikirləşmək də lazım deyil! Bu, vəziyyəti yalnız pisləşdirər! Gəlin bəzi xeyirli üsulları sınaqdan keçirək.

Hər şeydən əvvəl güzgüyə baxaq.

ushaqyalan1

Uşaq bizdən öyrənir. Onunla səmimi olun! Hər şeyi olduğu kimi izah edin. Əks halda siz onun həqiqətin vacibliyi barədə təsəvvürlərini alt-üst edərsiniz.

Uşaqlar hər şeyi hiss edir. Yalana alışmısınızsa, o gec-tez bunu biləcək və 2 çox pis nəticə çıxaracaq: Birincisi, düşünəcək ki, yalan ən yaxşı çıxış yoludur; İkincisi valideynlərinə–yəni sizə etibarını itirəcək.

Balanız sizin yalanınıza şahid olsa, ondan üzr istəyin, səhv etdiyinizi mütləq deyin. Nəyə görə yalan danışdığınızı, məsələn, “atanı incitmək, narahat etmək istəmədiyinizi” bildirin. Siz doğrudan da başqasını incitməmək üçün yalan danışmısınızsa, uşaq sizi indi olmasa da, sonralar anlayacaq. Bir gün o da “xırda” və “böyük” yalanı ayıra biləcək.

Yalan danışmaq üçün şərait yaratmayın.

qorxudan aglayan qizUşaq səhv edəndə səs-küy salsanız, onu incitsəniz, gələn dəfə o sizə səhv etdiyini demək istəməyəcək. Həddən artıq tələbkarlıq, qəddarlıq, sərtlik uşağı qorxudar, onu yalana sövq edər.

Kompot yerə tökülübsə, hirslənməyin. Axı kompotu təmizləmək, yalanı tərgitməkdən qat-qat asandır. Odur ki, kompotun yerə dağıldığını görəndə, “bunu sən elədin?!” deyə qışqırmaqdansa, sakit halda, “görəsən bu kompotu yerə kim tökdü?”, deyə soruşun. “Maraqlıdır, kompotu kim töküb, gəl təmizləyək”, deyə reaksiya versəniz, güman ki, çəkinmədən səhvini ertiraf edəcək. Yaxud gülərüzlə, “bilirəm bunu kim edib, mənim dəcəl balam edib, sən etmisən”, deyib zarafata keçə bilərsiniz. O sizin şən olduğunuzu görüb, yəqin ki, həqiqəti deyəcək. Bu halda həqiqəti söylədiyinə görə təşəkkür edin. (“Ay mənim ağıllım! Afərin! Düz danışdın! Amma axı kompotu tökmək olmaz, o içmək üçündür…dadlıdır…gəl təmizləyək…”)

Uşağı həqiqəti deməyə vadar etməyin!

ana-ve-usagiKompotu yerə özünün tökdüyünü uşaq yaxşı bilir. Amma o, səhvini etiraf etmirsə, inadkarlığa ehtiyac yoxdur. Onu etiraf etməyə, üzr istəməyə məcbur etməyin. Bununla siz həm özünüzü, həm də uşağı hövsələdən çıxara bilərsiniz. Sadəcə kompotu yerə tökməyin yaxşı iş olmadığını, kompotun içmək üçün bişirildiyini deyin və başqa mətləbə keçin. Uzunçuluğa ehtiyac yoxdur (bəlkə kompotu doğrudan da o tökməyib).

Uşağa etibar etmək lazımdır!

Hətta böyüklər də özlərinə olan etimadı itirmək istəmirlər. Sizə etibar edirlərsə, etibarlı çıxmağa can atırsınız, yalan danışmır, vədinizə əməl edirsiniz. Uşaqlar da belədir. Qonaqlığa balanızı da aparırsınızsa, evdən çıxanda onu “özünü pis aparsan, evə qayıdacağıq!” deyə hədələməyin. Yaxşı olar ki, ona etimadınızı bildirəsiniz. “Mən bilirəm ki, sən ağıllısan, bu gün qonaqlıqda özünü yaxşı aparacaqsan!” desəniz, uşaq ona hörmət olduğunu hiss edər, etimadınızı doğrultmağa çalışar. (Bu, qarşılıqlıdır, siz də balanızın etibarını itirməyin. Vədinizə əməl edə bilməmisinizsə, üzr istəyin, söz verdiyiniz oyuncağı almamağınızın, teatrın təxirə salınmasının səbəbini izah edin.)

Bəs Şaxta baba? Qar Qız?

shaxtababaDüzdür, çətin yerdə axşamladıq. “Xırda yalan” dan da qaçmaq məsləhət görüldüyü halda Şaxta baba, Qar qız barədə əməlli-başlı yalan danışırıq. Yəqin ki, heç bir valideyn uşağına Şaxta babanın real olmadığını demək istəmir və hər yeni il bayramında “qarla bərabər göydən Şaxta babanın da düşdüyünü, balacalara hədiyyə gətirdiyini” deyir. Neyləməli?

Mütəxəssislər bu yerdə, “sizə necə xoşdur, elə də edin”, deyirlər. Bu yalan uşağınızı çox sevindirirsə, danışın. Amma bir gün uşaq sizə yanaşıb şübhəylə, “Şaxta baba var ki?”, deyə sual versə tərəddüd etməyin. Uşaq Şaxta babanın reallığına şübhə edirsə həqiqəti deməyin vaxtıdır.

Share Button

Bir cavab yazın